İnternetdə alış-veriş edərəkən nələrə diqqət edilməlidir?

Qanunvericiliyə əsasən internetdə etdiymiz alış-veriş elektron ticarət hesab edilir. Qanunla elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət hesab edilir.
Qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq – lisenziya nəzərdə tutulan hallar istisna olmaqla, qanuna müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı kimi fəaliyyətə başlaya bilər.

Satıcının alıcılara təqdim etdiyi bütün məlumatlar azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır.

Satıcı özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır:

– hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;

– əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları);

– satıcının ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı (satıcı peşə üzrə fəaliyyət göstərərkən isə qeydiyyatdan keçdiyi müvafiq dövlət orqanının və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi, peşə qaydaları və bu qaydalarla tanışlıq imkanı barədə məlumat);

– sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda xüsusi razılıq (lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat;

– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

– malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat;

– ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar.

Satıcı elektron ticarət çərçivəsində malların təqdim edilməsini İnternet şəbəkəsi vasitəsilə ödəmək imkanı verən ödəniş proqramının təminatçısı ilə bağlanmış müqavilə əsasında həyata keçirir.

Satıcı özü barəsində qanunla nəzərdə tutulan məlumatları alıcıların və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda, onun ölkə ərazisində fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.

Benefisiar.org

Oxunub: 420