Nifrət nitqi və nifrət məzmunlu zorakılıq çağırışı edənləri hansı cəza gözləyir?

Sosial şəbəkələr gündəlik həyatımızın bir parçasıdır. Son günlər kifayət qədər izləyicisi olan aktiv sosial şəbəkə istifadəçilərinin müəyyən bir mövzuda nifrət nitqi və nifrət nitqi zəminində açıq zorakılıq çağırışlarını hüquqi aspektdən qanunvericilik çərçivəsində şərh edirik.

Son günlərdə cəmiyyətin böyük kütləsi tərəfindən müzakirə mövzusu olan izləyicilərə açıq geyimli qadınlara qarşı nifrət nitqi və bu zəmində açıq-aşkar zorakılıq çağırışları edən aktiv sosial şəbəkə izləyicisi qanunla hansı məsuliyyəti daşıyır?

Öncə qeyd edək ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

 İnzibati xəta məsuliyyəti:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən,

İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. 

Qeyd edək ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun 13-2.3-cü maddəsi ilə internet informasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın siyahısı müəyyən edilib. Həmin siyahıda zorakılığın təbliğinə dair məlumatlar (13-2.3.2), Azərbaycan Respublikası qanunları ilə qadağan edilən digər informasiyaların yayılması qadağan edildiyi göstərilir.

Cinayət məsuliyyəti:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə əsasən;

Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə 8.000 manatdan 12.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nifrət nitqi ilə müəyyən bir sosial qrupu hədəfləyən (açıq geyimli qadın cinsinin nümayəndələri) aşkar surətdə (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla) zorakılıq və cinsi qısnama çağırışları edən şəxslər qanunvericiliyə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti daşıyır. 

Benefisiar.org