Mirasda məcburi pay nədir?

Məcburi pay nədir?

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Mülki Məcəlləyə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasında daxildir. Bu səbəbdən yuxarıda qeyd olunan şəxslərin də mirasdan məcburi pay hüququ vardır.

Məcburi payın müəyyənləşdirilməsi

Məcburi payın tam həcmi – vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Vəsiyyətnamə olmadığı halda vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr isə nəzərə alınmır.

Məcburi payı qəbul etməkdən imtina

Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

Məcburi pay almaq hüququndan məhrum etmə

Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

Vəsiyyət edən vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan vərəsəni, ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Vərəsə isə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, Mülki Məcəllənin maddəsinə əsasən miras qoyanın hələ öz sağlığında onun iddiası əsasında məhkəmə tərəfindən məhrum edilə bilər.

Vəsiyyət tapşırığı alan vərəsənin məcburi pay hüququ

Vəsiyyət tapşırığı – vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər.

Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vəsiyyət üzrə vərəsənin məcburi pay almaq hüququ da olduqda, o, vəsiyyət tapşırığını yalnız vəsiyyət edilmiş əmlakın məcburi paydan əlavə aldığı hissəsi həddində icra edir.

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Hüquqşünas

Oxunub: 1297

Əvvəlki məqaləBu rayonlarda mərkəzi xəstəxanalar diaqnostika mərkəzləri ilə birləşdirilir
Növbəti məqaləHamiləliklə bağlı əks göstəriş sertifikatının necə veriləcəyi açıqlandı