Yeni tədris ilinin başlanması mənzil bazarında kirayəyə verilən evlərin sayının çoxalmasına gətirib çıxarır. Amma təəssüflər olsun ki, vətəndaşlar bəzən kirayə müqaviləsi bağlamadan şifahi razılığa gəlirlər. Bu həm kirayəyə verən, həm də kirayəçi üçün gələcəkdə yaranacaq problemlərin hüquqi yolla həll olunmasında çətinlik yaradır. Kirayəçi və kirayəyə verən arasında müqavilənin olması kirayəyə verənin ona dəymiş zərəri məhkəmə qaydasında tələb etməsinə kömək edəcək.
Bəs kirayə müqaviləsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bilməli olduğumuz məqamlar hansılardır?
Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Kirayəyə verilmiş əşya ilə bağlı dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir.
Kirayəyə verənin məsuliyyəti
- kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır;
- kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsində nəzərdə tutulmuş xassələrə malik olmalıdır;
- üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir.
Kirayəyə verilmiş əşya müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olmadıqda kirayəçinin hüquqi müdafiə vasitələri hansılardır?
Əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur.
Kirayəyə götürülmüş əşyanın üçüncü şəxslərə verilməsi
Praktikada bəzən elə hallar olur ki, kirayəçi kirayəyə götürdüyü əşyanı, mənzili başqa şəxslərə kirayəyə verir. Bəs bu qanunla düzgün hesab edilirmi?
Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisi həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə kirayəyə vermək istəyirsə, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən razılıq verdiyi ehtimal edilsin. Əşya( mənzil, yaşayış otağı) kirayəçi tərəfindən üçüncü şəxslərə kirayəyə verilərkən kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün kirayəçi məsuliyyət daşıyır.
Əmlak kirayəsi üzrə verginin hesablanması
Mənzillərini kirayəyə verən şəxslərin böyük bir qismi əmlak kirayəsi üzrə verginin ödənilməsindən yayınır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Kirayə verən vergi ödəməkdən yayınıbsa, həmin şəxsə qarşı hansı cərimə tətbiq oluna bilər?
Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Müqavilədən irəli gələn mübahisələrin həlli
Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunur. Bu müqavilədən irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.
Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi