Qanunvericilikdə qadınlara bu hüquqlar verilir

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra – 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda qadınların kişilərlə bərabər hüquqlarının olması ayrıca müddəa ilə təsbit olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində yazılır ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır.

Azərbaycan Respublikasının milli qanunvericiliyində qadınların hüquqları aşağıdakı qaydada tənzimlənir:

Qadınların bərabərlik hüququ:

Qadınların konstitusion-hüquqi statusu ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının “bərabərlik hüququ” adlı 25-ci maddəsi ilə müəyyən olunur. Həmin maddəyə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir; kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Qadınların konstitusion-hüquqi statusu 10 oktyabr 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə daha da konkretləşdirilir və dəqiqləşdirilir. Bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi kimi təsbit olunur.

Qadınların siyasi hüquqları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi cinsi əlamətlər üzrə fərq qoymadan ümumi və bərabər seçki hüququnu təsbit edir, yəni həm aktiv, həm də passiv seçki hüququna munasibətdə cinsi mənsubiyyət əlaməti baxımından heç bir məhdudiyyət, ayrı-seçkilik, imtiyaz və üstünlük nəzərdə tutmur. Seçki Məcəlləsinin 3-cü maddəsinə əsasən digər əlamətlərlə yanaşı cinsindən asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

Qadınların əmək hüquqları

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 7-ci maddəsinə əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. Əmək münasibətlərində qadın və kişilərin bərabərliyi Əmək Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulub. Həmçinin, həmin məcəllədə “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” adlı ayrıca fəsil nəzərdə tutulub. Bu fəsildə qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərin dairəsi müəyyən olunur, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmamasını, habelə ezamiyyətlərinin məhdudlaşdırılmaması nəzərdə tutulur, hamilə və uşaqlı qadınlar üçün bir sıra digər imtiyazlar nəzərdə tutulur.

Cinayət hüququnda qadın hüquqları

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6-cı maddəsinə əsasən cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər. Bununla belə, Cinayət Məcəlləsində qadınların hüquqlarının müdafiəsinə yönəldilmiş bəzi xüsusi təminatlar da nəzərdə tutulur. Müəyyən olunur ki, ictimai işlər növündə cəza hamilə qadınlara, himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara, pensiya yaşına çatmış qadınlara tətbiq oluna bilməz (maddə 47); ömürlük azadlıqdan məhrum etmə qadınlara təyin edilmir. Cinayət Məcəlləsi daha çox  qadınların hüquqlarına qarşı yönəlmiş aşağıdaki əməlləri cinayət hesab edir və onların cəzalandırılmalı olduğunu müəyyən edir: cinsi zorakılıq, (maddə 108); məcburi hamiləlik (108–1); təqib (maddə 109)) zorlama (maddə 149), seksual xarakterli zorakılıq hərəkətləri (maddə 150) seksual xarakterli hərəkətlərə məcbur etmə (maddə 151), on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (maddə 152), qadını nikaha daxil olmağa məcbur etmə (maddə 176–1).

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 2257

Əvvəlki məqaləKonstitusiya Məhkəməsi hərbçilərin pensiyası ilə bağlı məsələyə baxacaq
Növbəti məqaləRegionlarında çoxfunksiyalı mərkəzi xəstəxanalar yaradılacaq