Vergi yoxlamaları nədir və necə həyata keçirilir?

Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.

Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin şikayət etmək hüququ göstərilməlidir.

Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.
Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər:

• nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;

• səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.

Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.

Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxslərinin yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya onların iradəsinə zidd olaraq daxil olmasına yol verilmir. Səyyar vergi yoxlamasını bilavasitə keçirən vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmasına qeyri-qanuni maneçilik vergi qanunvericiliyinin pozulması hesab olunur və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların həmin orqanın əsaslandırılmış qərarı əsasında baxışını keçirmək hüququ vardır.

Aşağıda göstərilən hallar istisna olmaqla, səyyar vergi yoxlaması keçirilmədən ərazilərin, binaların, sənədlərin və əşyaların baxışının keçirilməsinə yol verilmir:

• sənədlər və əşyalar vergi orqanının vəzifəli şəxsi tərəfindən əvvəl həyata keçirilmiş səyyar vergi yoxlaması zamanı əldə edilmişdirsə;

• həmin sənədlərin və əşyaların sahibinin razılığı olduqda.

Baxış müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Baxış keçirildiyi zaman vergi yoxlaması həyata keçirilən şəxsin və (və ya) onun nümayəndəsinin, habelə mütəxəssislərin baxışda iştirak etmək hüququ vardır. Baxışın keçirilməsi barəsində protokol tərtib edilir.

Benefisiar.org

Oxunub: 3561