Dövlət rüsumu nədir və hansı hallarda tutulur?

“Dövlət rüsumu” haqqında Qanuna əsasən Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

• məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi;

• notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması;

• vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;

• sənədə apostil verilməsi;

• Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma;

• Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;

• standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlə digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi vəfiziki şəxslərə xidmətlərin göstərilməsi;

• aktuari şəhadətnaməsinin verilməsi;

• lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi;

• hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;

• vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi;

• qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirilmə qaydasında qeydə alınması halları istsina olmaqla) və dövlət reyestrinə daxil edilməsi;

• Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;

• Avtovağzala (avtostansiyaya) pasportun verilməsi;

• daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;

• Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;

• qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.

• Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;

• Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;

• Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;

• Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi;

• Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi;

• xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;

• dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının verilməsi;

• malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi;

• hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi.

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Oxunub: 1796