Məişət tullantıları ilə bağlı qaydalar

Məişət tullantılarının zibil qutularına atılmaması antisanitariya vəziyyətinin yaranmasına gətirib çıxarmaqla yanaşı, həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur. 

“İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-ci maddəsinə görə zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.

Tullantılarla bağlı fəaliyyətə hansı orqan nəzarət edir?

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən həyata keçirilir.

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair hansı tələblər var?

Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Nazirlər Kabinetinin  21 aprel 2005-ci il tarixli  “Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 1.3-cü maddəsinə görə yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir. 

Həmin qaydaların 4.1-ci maddəsinə görə tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Həmçinin parklarda əsas təmizlənmə parklar bağlandıqdan sonra və ya səhər saat 8-ə qədər aparılmalıdır. Yerə tökülmüş yarpaqların və tullantıların yığılaraq yandırılmasına yol verilmir. Parklar və digər istirahət yerlərində tullantı tutumlarının yerləşdirilməsi üçün ayrılmış sahələr kütləvi istirahət yerlərindən (rəqs meydançaları, estradalar, ictimai-iaşə və ticarət obyektləri, fəvvarələr, xiyabanlar və s.) 50 metr məsafədən az olmamalıdır. Həmin qaydaların 10-cu maddəsinə görə yaşayış və istirahət yerlərinin təmizliyinə həm yerli icra hakimiyyəti orqanı, həm də bələdiyyələr cavabdehlik daşıyır.

Bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Əhali çox olan yerlərdə tutumlar (urnalar) arası məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir.

İnzibati Xətalar Məcəlləsinin  266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 1118