Çoxuşaqlı anaların sosial təminatı

Qanunvericiliyə görə 5-dən çox uşaq doğub tərbiyə edən qadınlar çoxuşaqlı ana hesab olunur.

Uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşaq, yəni 6-cı uşaq 1 yaşına çatanda ana üçün çoxuşaqlılığa görə sosial müavinət təyin edilir. Bu müavinəti ana uşağın 18 yaşı tamam olan ayın sonunadək ala bilər.

Hazırda müavinətin məbləği hər uşağa görə 55 manat təşkil edirdisə, 2022-ci ilin yanvarın 1-dən 70 manat məbləğində müəyyən ediləcəkdir.

Qeyd edilən şərtlərə uyğunsunuzsa müavinətin təyin edilməsi üçün ailə tərkibi haqqında arayışuşaqların doğum haqqında şəhadətnamələri ilə birlikdə yaşadığınız ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət edə bilərsiniz. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, beş gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)məhkəməyə şikayət etmək hüququ vardır.

5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya hüququ olmayan çoxuşaqlı qadınlarda isə yaşa görə sosial müavinətin təyin olunması zamanı qeyd edilən  güzəştlər tətbiq olunur.

Müavinəti alan şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə Dövlət Sosial Müdaifə Fondunun yerli bölmələri tərəfindən müavinət alanın haradan köçməsini göstərdiyi ərizəsi, yeni yaşayış yeri haqqında sənədlər (şəxsiyyət vəsiqəsi) əsasında onun əvvəllər qeydiyyatda olduğu Dövlət Sosial Müdaifə Fondunun yerli bölmələrinə müavinət işinin göndərilməsi üçün 3 iş günü müddətində sorğu göndərilir.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 1452

Əvvəlki məqaləBaş nazir karantin rejimi ilə bağlı qərar imzaladı
Növbəti məqaləMilli Məclisdə bu məsələlər müzakirə ediləcək