“Müharibə veteranı” adı və təqaüdü kimlərə verilir?

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1994-cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.

“Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 29 dekabr 2021-ci il tarixli Sərəncamda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, habelə müharibə veteranlarına aylıq təqaüdün təyin olunması və  ödənilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Həmin Sərəncama əsasən “Müharibə veteranı” adı və vəsiqəsi onlara xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək. Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) Vətən müharibəsi iştirakçılarının siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edərək Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adını və vəsiqəsini verməlidir.

Qeyd olunan qurumlar siyahı müəyyən ediləndən sonra həmin şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil etməlidir.

Həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir.

Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən sürətli qaydada həyata keçiriləcək. Bu barədə, habelə təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.

Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüdün 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürülməsi nəzərdə tutulur.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 2495