Əsassız varlanma nədir?

Əsassız varlanma hansı öhdəliklərə aid edilir?

  • Öncəliklə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur.
  • Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir.

Əsassız varlanan şəxsə kimləri aid etmək olar?

  • Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
  • Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Buna nümunə kimi şəxsə səhvən əmlak (pul və s.) göndərmək, mala (işə, xidmətə) görə təkrar ödəniş həyata keçirmək, başqasının əmlakından istifadə etmək göstərilə bilər.

Hansı hallarda əmlak əsassız əldə edilmiş hesab olunur?

Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Nümunə olaraq əhəmiyyətsiz əqdlər nəticəsində əldə olunmuş əmlakı qeyd etmək olar. Bildiyimiz kimi Mülki Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Buna görə də əhəmiyyətsiz əqd nəticəsində əqdin tərəflərindən biri müəyyən əmlak əldə etsə belə, bu əmlakı əslində mövcud olmayan əqdə, yəni həyata keçirilməmiş əsasa söykənərək əldə etmiş olur.

Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Buna nümunə kimi isə müəyyən müddət ərzində mövcud olmuş, lakin daha sonra ləğv olunmuş normativ akt göstərilə bilər. Əgər həmin müddət ərzində bu normativ akt şəxslərə müəyyən əmlakın verilməsini nəzərdə tuturdusa, normativ akt ləğv olunduqdan sonra əldə edilmiş əmlak əsassız əldə olunmuş hesab olunur.

Əsassız varlanmış şəxsin hansı vəzifəsi nəzərdə tutulur? Əsassız varlanma natura şəklində reallaşdıqda şəxsin qaytarmaq vəzifəsi necə icra edilir?

Əsassız varlanmış şəxsin əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi:

Şübhəsiz ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

  • Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir);
  • Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Xüsusilə qeyd olunmalıdır ki, əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir.

Qanunvericilik həmçinin əsassız varlanan şəxs üçün də güzəşt müəyyən etmişdir. Belə ki, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, o zaman ona qarşı əsassız əldə edilən əmlakın qaytarılması tələbi istisna edilir. Halbuki əgər varlanmış şəxs varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilirdisə, bu güzəşt ona şamil edilmir.

Məhrum olanın qaytarma tələbi ( verdiyini geri tələb etmə) hansı halda mümkündür?

Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Lakin iki halda qaytarma tələbi istisna edilir:

  • Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;
  • Əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Bəs varlanmış şəxs əmlaka sərf etdiyi xərclərin əvəzini tələb edə bilərmi?

  • Əsassız varlanma zamanı həllini tapmalı olan bir digər məsələ isə varlanmış şəxsin əldə etdiyi əmlakın xərcləri üçün məhrum olana qarşı yaranan kompensasiya tələbidir. Belə ki, istər vicdanlı, istərsə də vicdansız varlanan öz növbəsində əmlakdan gəlirin ona düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini məhrum olandan tələb edə bilər.
  • Eləcə də vicdanlı varlanan əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı varlanan əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Bu zaman nəzərdə tutulan iddia müddəti nə qədərdir?

  • Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Hazırladı: Tural Həsənov – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 375