Uşağa ad və soyadın verilməsi qaydası

Ailə Məcəlləsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Vətəndaş övladına ad, soyad və ata adının verilməsi üçün ASAN xidmət mərkəzlərinə və ya Ədliyyə Nazirliyi tabeliyində olan qeydiyyat idarələrinə müraciət edə bilər. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının adı uşağın anasının göstərişi üzrə yazılır.

Ailə Məcəlləsinin 53.2-ci maddəsinə, eləcə də “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən uşağa ad valideynlərin razılığı ilə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq həll olunur.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 1909