Hansı işlərlə bağlı mediasiyaya müraciət etmək olar?

Mediasiya nədir?

Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı olan prosesdir.

Mediasiyanın tətbiq dairəsinə daxil olan münasibətlər aşağıdakılardır:

  1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);
  2. ailə münasibətlərindən irəli gələn mübahisələr;
  3. əmək münasibətlərindən irəli gələn mübahisələr;
  4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
  • Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tərəflər arasında olan mübahisə mediasiya qaydasında həll edilə bilmədikdə onlar məhkəməyə müraciət edə bilərlər.
  • İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrdə isə ilkin mediasiya prosesində iştirak tələb edilmir. Yəni, həmin mübahisələrin həlli üçün ilkin mediasiya həm keçirilə, həm də keçirilməyə bilər. 
  • Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər.

Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər: 

  1. nikahın davam etdirilməsi şərtləri;
  2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
  3. uşağın yaşayış yerinin müəyyən edilməsi;
  4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;
  5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər:  

  1. fərdi əmək mübahisələri;
  2. kollektiv əmək mübahisələri.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər.

Lakin inzibati mübahisələr üzrə ilkin mediasiyada prosesində iştirak tələb edilmir. Yəni tərəflər mübahisə ilə bağlı birbaşa inzibati məhkəməyə müraciət edə bilərlər.

  • Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.
  • “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, habelə, ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
  • Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

 Qeyd: Mediasiya Şurası –  qaynar xətt – (012) 1927

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 347

Əvvəlki məqaləDövlət qulluğuna qəbul üçün imtahan proqramına dəyişiklik edildi
Növbəti məqaləAzərbaycana giriş üçün PCR testi tələbi ləğv olundu