Qadınların əmək hüququ və təminatları

Qadınların əmək hüququ və onun həyata keçirilməsi təminatları Əmək Məcəlləsinin 240-246-cı maddələri ilə tənzimlənir. Bu zaman diqqətə yetirməli olduğumuz əsas məqamlara bunlar aiddir:

Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri:

Hamilə və 3 yaşına çatmamış uşağı olan qadın işçilərlə əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir.

Lakin aşağıdakı hallarda isə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

  • işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı halda;
  • hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin yerinə yetirilməsini nəzərdə tutan iş yerlərinə işə götürməkdən imtina olunduğu halda;
  • hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin olması ilə əlaqədar işə götürməkdən imtina edildiyi halda.

İşəgötürən əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması:

  • Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.
  • 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.

Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi:

  • Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
  • Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.
  • Lakin qadınlar başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.
  • Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır.

Hansı hallarda işəgötürən hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınları yüngül işə keçirməlidir?

  • Nəzərdə tutulan şəxslərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatlar, peşələr (vəzifələr), habelə yeraltı işlərdə çalışarsa;
  • Onların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amilləri olarsa.

Uşağın yedizdirilməsi üçün fasilələr:

  • Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir.
  • Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.
  • Bu fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər.
  • Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanması

 İşəgötürən hansı hallarda natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir?

  • Bu hal hamilə, 14 yaşına çatmamış uşağı, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə mümkündür. Bu şəxslərə işlənmiş vaxta mütənasib əmək haqqı ödənilir və tərəflərin razılığı ilə gündəlik və ya həftəlik iş vaxtının müddəti müəyyən edilir.
  • Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır və bu müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Uşaqlarını anasız böyüdən işçilər üçün təminatlar:

  • Uşaqlarını müəyyən səbəbdən (uşaqların anası öldükdə, valideynlik hüququndan məhrum edildikdə, müəyyən müddət müalicə müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində olduqda) anasız təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına da yuxarıda nəzərdə tutulan təminatlar şamil edilir.

Hazırladı: Aynur Məhərrəmli – hüquqçu

Oxunub: 251