Kimlər pulsuz psixoloji yardım ala bilər?

“Psixoloji yardım haqqında” Qanun 07.12.2018-ci il tarixində qəbul olunub. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.

“Psixoloq”, “psixoloji”, “psixoanaliz”, “psixodiaqnostika”, “psixoterapiya” sözlərindən və bu sözləri özündə əks etdirən söz birləşmələrindən adında və digər rekvizitlərində yalnız bu Qanuna uyğun olaraq psixoloji yardım göstərmək hüququ olan şəxslər tərəfindən istifadə edilməsinə yol verilir.

Adıçəkilən qanunun müddəaları aşağıdakı hallara şamil edilmir:

• “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həkim tərəfindən həyata keçirilən psixiatriya yardımına;

• Azərbaycan Respublikasının inzibati xətalar, cinayət və mülki prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş psixoloji ekspertizaya;

• Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan iş yerlərində işə qəbul, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə və xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla əlaqədar psixoloji müayinəyə.

Ümumiyyətlə qanuna əsasən psixoloji yardım dedikdə psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər nəzərdə tutulur.

Qanunda qeyd edilir ki, psixoloji yardım ödənişsiz və ya ödənişli əsaslarla göstərilir.

Aşağıdakı şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır:

• “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təcili və təxirəsalınmaz hallarda Azərbaycan Respublikası vətəndaşlarının;

• “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil müəssisələrində təhsilalanların;

• “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslərin;

• Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkən şəxslərin;

• “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəza çəkməkdən azad edilmiş şəxslərin;

• “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin;

• Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların;

• “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə götürülmüş şəxslərin (ailələrin);

• Fövqəladə hadisə zamanı zərər çəkmiş şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin;

• Kollektiv əmək müqaviləsində nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin;

• “Əlilliyi olan şəxslərin hüquqları” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin;

• “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərin.

Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Yuxarıda sadalanan hallardan fərqli digər hallarda psixoloji yardım göstərən şəxs tərəfindən psixoloji yardım müqavilə əsasında ödənişli qaydada göstərilir.

Hazırladı: Sevinc Quliyeva

Oxunub: 1729