Mülki iddianın verilməsi qaydası necədir?

Öncəliklə, qeyd olunmalıdır ki, mülki iddia mülki mühakimə icraatı ilə yanaşı, həm də cinayət icraatında da verilə bilər. Bu halda mülki iddianın hər iki mühakimə icraatında ayrıca verilmə qaydasını nəzərdən keçirmək daha məqsədəuyğun olar.

Mülki məhkəmə icraatında mülki iddianın verilməsi qaydası:

Mülki icraatda mülki iddia (iddia) iddia ərizəsi vasitəsilə verilir. Belə ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu halda mülki iddia məhkəmə icraatına qəbul edilmiş hesab olunur. Mülki iddianın mümkünlüyü üçün iddia ərizəsi aşağıdakı məlumatları ehtiva etməlidir:

  • ərizənin verildiyi məhkəmənin adı;
  • iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);
  • iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
  • müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;
  • “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;
  • ərizəyə əlavə edilən sənədlərin siyahısı.

Hansı hallarda mülki iddia yolverilməz olduğuna görə məhkəmə işə baxmaqdan imtina edir:

Bu hallara daxildir:

  • İddia məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;
  • Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
  • Məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;
  • Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.

Cinayət məhkəmə icraatında mülki iddianın verilməsi:

Cinayət mühakimə icraatında mülki iddianın xarakteriktik xüsusiyyəti ondan ibarətdir ki, cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Əgər şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

Eyni qaydada, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Cinayət mühakimə icraatında aşağıdakı hallara əsasən şəxslər əmlakına vurulmuş ziyana görə mülki iddia vermək hüququna malikdir:

  • Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;
  • Ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

Şəxslər cinayət mühakimə icraatında mülki iddia verməklə təqsirli şəxsdən aşağıdakıları tələb edə bilər:

  • İtirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini;
  • İtirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini;
  • İtirilmiş gəlirin ödənilməsini;
  • Mənəvi ziyanın ödənilməsini.

Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Bu zaman mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir.

Lakin bəzi hallarda, məsələn, dövlət əmlakının mühafizəsi, habelə mülki iddia vermək hüququ olan fiziki şəxsin öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda, prokuror onların hüquqlarının müdafiəsi üçün mülki iddia verir və onu müdafiə edir. Mənəvi ziyanın ödənilməsinə dair iddianı prokuror yalnız zərər çəkmiş şəxsin xahişi ilə verə bilər.

Cinayət mühakimə icraatında mülki iddia nə vaxt verilir?

Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Bu zaman, törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.

Mülki iddia hansı formada tərtib olunmalıdır?

  • Mülki iddianın formasına gəldikdə isə qeyd olunmalıdır ki, mülki iddia yalnız yazılı formada verilir. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.
  • Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.

Hazırladı: Tural Həsənov – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 276