Vergi uçotu haqqında ərizə necə doldurulur?

“Fiziki şəxsin vergi uçotu haqqında ərizə” forması fiziki şəxslərin vergi uçotuna qoyulması, habelə onların vergi uçotu məlumatlarında dəyişiklik edilməsi, fəaliyyətinə xitam vermiş fiziki şəxsin fəaliyyətinin bərpası və ya 2004-cü il 12 aprel tarixədək 9 rəqəmli VÖEN ilə uçota alınmış fiziki şəxslərə yeni 10 rəqəmli VÖEN verilməsi məqsədilə fiziki şəxs tərəfindən doldurularaq vergi orqanına təqdim edilir. Ərizə vergi orqanına elektron və kağız formada təqdim oluna bilər. Ərizə forması 10 bölmədən ibarətdir.

“1.Ərizənin təyinatı” bölməsi doldurularkən onun doldurulma səbəbindən (təyinatından) asılı olaraq müvafiq xanada işarə edilir. İlk dəfə vergi uçotuna alınanlar 1.1 qeydiyyat sətrindəki xanada, vergi qeydiyyatı məlumatları dəyişdirildikdə 10 rəqəmli VÖEN göstərilməklə 1.2 sətrindəki xanada, fəaliyyətinə xitam vermiş (10 rəqəmli VÖEN məlumat bazasından çıxarılaraq arxivləşdirilmiş) fiziki şəxslərin fəaliyyətinin bərpa edilməsi xahiş edildikdə, əvvəllər verilmiş VÖEN göstərilməklə 1.3 sətrindəki xanada, 2004-cü il 12 aprel tarixədək 9 rəqəmli VÖEN ilə uçota alınmış fiziki şəxslərə 10 rəqəmli VÖEN verilməsi xahiş edildikdə isə köhnə 9 rəqəmli VÖEN göstərilməklə 1.4 sətrindəki xanada “X” işarəsi qeyd edilir.

“2.Ərizənin təqdim edildiyi vergi orqanı” bölməsində müvafiq vergi orqanının adı 2.1 sətrinə uyğun olan xanada göstərilir.

“3.Vergi ödəyicisi olan fiziki şəxs haqqında ümumi məlumat” bölməsində müvafiq sətirlərdəki xanalara ərizə verən şəxsin soyadı (sətir 3.1), adı (sətir 3.2) və atasının adı (sətir 3.3) qeyd edilir.

“4.Şəxsiyyət vəsiqəsi və ya əcnəbinin qeydiyyat vəsiqəsi” bölməsində 4.1, 4.2, 4.3 və 4.4 sətirlərdəki xanalara Azərbaycan Respublikasının daxili işlər orqanları tərəfindən verilmiş və özündə vətəndaşların Pin-kodunu əks etdirən şəxsiyyət vəsiqələrinin məlumatları daxil edilir. Şəxsiyyət vəsiqəsinə əsasən Pin-kod (4.5 sətir) vergi orqanının vəzifəli şəxsi tərəfindən doldurulur.

“5.Vergi ödəyicisi haqqında əlavə məlumat” bölməsində şəxsin anadan olduğu tarix (gün, ay və il) rəqəmlərlə 5.1 sətirdəki xanaya, anadan olduğu yerin adı 5.2 sətirdəki xanaya, vətəndaşlığı 5.3 sətirdəki xanaya və cinsi mənsubiyyəti 5.5 sətirdəki xanaya qeyd edilir. Ölkənin kodu (sətir 5.4) vergi orqanının vəzifəli şəxsi tərəfindən daxil edilir.

“6.Ünvanlar” bölməsində müvafiq sətirlərdəki xanalara şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən ünvanı poçt indeksi (sətir 6.1), şəhər və ya rayon (sətir 6.2), kənd və ya qəsəbə (sətir 6.3), küçə (sətir 6.4), evin nömrəsi (sətir 6.5), mənzil və ya otağın nömrəsi (sətir 6.6) qeyd edilir.

Pasport qeydiyyatı ünvanı əsas fəaliyyətin həyata keçitildiyi ünvandan fərqli olduqda faktiki ünvan eyni qayda ilə 6.7-6.12 sətirlərə qeyd edilir və 6.13 sətrində müvafiq xanada “X” işarə edilməklə vergi orqanı ilə poçt əlaqəsinin aparılması üçün münasib ünvan seçilir.

“7.Əlaqə telefonu və elektron ünvanı» bölməsində fiziki şəxsin əlaqə (iş, ev, mobil, faks) telefonları, elektron poçt ünvanı müvafiq olaraq 7.1, 7.2, 7.3, 7.4 və 7.5 sətirlərdəki xanalara qeyd edilir. Ərizədə fiziki şəxsin ən azı bir əlaqə telefonu göstərilməlidir.

“8.Vergi ödəyicisinin fəaliyyəti və vergi münasibətləri” bölməsinə daxil edilən məlumat fiziki şəxsin fəaliyyəti ilə bağlı məsələləri əhatə edir. Fiziki şəxsin fəaliyyəti zamanı vergi münasibətləri Vergi Məcəlləsinin müddəaları ilə tənzimlənəcəksə, bu halda 8.1 sətrinə uyğun xanada “X” işarə edilir. Fiziki şəxsin fəaliyyəti zamanı vergi münasibətləri qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında qanunlarda nəzərdə tutulmuş və Vergi Məcəlləsindən fərqli olan müddəalar ilə tənzimlənəcəkdirsə, bu halda 8.2 sətrinə uyğun xanada “X” işarə edilir və fiziki şəxsin xüsusi vergi rejimi ilə işləyəcəyi bildirilir.

8.3 sətirdəki xanalarda fiziki şəxsin faktiki olaraq yerinə yetirəcəyi əsas fəaliyyət növü, 8.4, 8.5 və 8.6 sətirlərə aid xanalarda isə digər fəaliyyət növləri göstərilir. Fiziki şəxs ailə kəndli təsərrüfatının üzvüdürsə

8.7 sətrindəki xanada X işarə edilir. Bu xanada işarə etmiş fiziki şəxs ailə kəndli təsərrüfatı üzvünün müvafiq vəsiqəsini qeydiyyat orqanına təqdim etməlidir.

8.8, 8.9 və 8.10 sətirlərdəki xanalarda fiziki şəxsin hansı verginin ödəyicisi olması barədə məlumat əks etdirilir.

Əlavə dəyər vergisi ödəyicisi olacaq fiziki şəxslər 8.8 sətrə uyğun xanada işarə edirlər və əlavə olaraq vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında ərizə verməlidirlər.
Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərəcək fiziki şəxslər 8.9 sətrə uyğun xanada işarə edirlər.

Gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərəcək fiziki şəxslər 8.10 sətrə uyğun xanada işarə edirlər.

“9.Ərizənin məzmunu” bölməsində fiziki şəxs 9.1 sətrə öz soyadını, adını və atasının adını, 9.2 sətrə aid xanalarda ərizənin doldurulma tarixini qeyd etməklə 9.3 sətrində ərizəni imzalayıb təsdiq edir.

“10.Vergi orqanının qeydləri” bölməsi vergi orqanının vəzifəli şəxsi tərəfindən doldurulur.
Ərizənin hər hansı bir rekviziti üzrə məlumat olmadıqda, həmin rekvizit üçün ayrılmış yerə (“X” işarəsi qoyulmalı olan özəklər istisna olmaqla) “YOXDUR” sözü yazılmalıdır. Rekvizitlərin boş saxlanılmasına yol verilmir.

Fiziki şəxsin fəaliyyət növlərinin sayı ərizə formasında nəzərdə tutulmuş sətirlərin sayından çox olduqda, yeni formada yalnız müvafiq sətirlər doldurulmaqla ərizəyə əlavə edilir.

Ərizənin bütün rekvizitləri azərbaycan dilində (latın qrafikası) böyük çap hərfləri ilə qara və ya tünd göy rəngli qələmdən istifadə edərək yazılmalıdır. Ərizənin karandaşla doldurulmasına icazə verilmir.

Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bu ərizə ilə birlikdə vergi orqanına fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti və yaşadığı yer barədə məlumat əlavə edilməlidir. Bu sənədlərdən hər hansı birinin ərizəyə əlavə edilməməsi ona baxılmasından imtina edilməsinə əsas verir.

Mənbə: https://www.taxes.gov.az/az/page/senedlerin-doldurulma-qaydalari

Nümunə – “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” forması

Benefisiar.org

Oxunub: 1782