Kəşfiyyat və əks-kəşfiyyat əməkdaşlarının sosial təminatları hansılardır?

Kəşfiyyat və əks-kəşfiyyat subyektləri kimlərdir?

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. (Həmin orqanlara Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Sərhəd Xidməti daxildir)

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşları kimlərdir? 

  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Belə ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar.
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdançıxarılır və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial təminatları hansılardır?

  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunlar, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanun və digər qanunvericilik aktları ilə müəyyən edilir.
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir.
  • “Əmək pensiyaları haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat” haqqında Qanunlara uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır.
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hesabına həyata keçirilir.
  • Həmin əməkdaşlara və onların ailə üzvlərinə yeni xidmət yerinə köçmə və əmlakın daşınması ilə əlaqədar aşağıdakılar ödənilir:
  1. əməkdaşa və onun ailə üzvlərinə yeni xidmət yerinə köçmə ilə əlaqədar nəqliyyat xərci;
  2. əməkdaşa və onun ailə üzvlərinə əmlakın daşınması üçün nəqliyyat xərci;
  3. əməkdaşa birdəfəlik kompensasiya;
  4. əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində müavinət verilir.
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Mmüalicə olunmaları ilə əlaqədar ildə 1 dəfə onlara 2 aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir.
  • Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olan hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər.
  • Həmin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Belə ki, sığorta hadisəsi baş verdiyi halda həmin şəxslərə 5 illik pul təminatı məbləğində sığorta ödənişi edilir.
  • Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
  • Xidməti vəzifələrinin icrası zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas