Əlillik nədir və hansı şəxslər əlilliyi olan şəxs hesab olunur?

Əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır.

Əlilliyi olan şəxs isə müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir.

Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:

  • ümumi səbəblərdən: ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar;
  • xüsusi səbəblərdən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

Əlilliyin yeni meyarları necə müəyyən olunur?

Əlillik insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyaları  (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşması və “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Belə ki:

  • xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; (kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması);
  • xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; (mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı);
  • xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında – 31-60 faiz.

(yəni, tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı)

Əlillik necə müəyyən olunur?

  • Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88). Göndərişin (Forma-88) tərtib edilməsi üçün vətəndaş ilk növbədə  xəstəliyini təsdiqləyən tibbi sənəd (epikriz və ya xəstəlik vərəqəsi) ilə birlikdə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət edir. Müalicə həkimi tərəfindən göndəriş tərtib edilərkən müvafiq məlumatlar elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. TSEK 10 (on) iş günü ərzində göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin təyin olunması və ya səbəblərini göstərməklə əlilliyin təyin olunmamasına dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət 15 (on beş) iş gününə qədər uzadıla bilər.
  • İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir.

Əlillik hansı müddətlərə müəyyən olunur?

Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilir. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İstənilən dərəcə üzrə 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Əlilliyə görə əmək pensiyasının təyin edilmə şərtləri

  • Əmək pensiyası təyin olunarkən  orqanizmin funksiyalarının 81-100 faizpozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün ümumilikdə 5 ildən az olmayan  sığorta stajı tələb olunur. Bu zaman əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün sığorta stajı 4 ay olmalıdır.
  • Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün əmək pensiyası təyin olunarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda da, ümumilikdə 5 ildən az olmayan sığorta stajı tələb olunur. Bu zaman da əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması lazımdır.

Məsələn, şəxsin 40 yaşında əlilliyi müəyyən olunmuşdur.

40-15=25 (əmək qabiliyyətli yaş dövrü) 15 rəqəmi qanunun hər kəsə icazə verdiyi əmək fəaliyyətinə başlama yaşıdır.

25*4=100 ay deməli, 40 yaşında əlilliyi olan  şəxs  azı 100 ay sığorta stajına malik olmalıdır.

Benefisiar.org

 

Oxunub: 145