Məhkumlara görüş və telefon danışıqları icazəsi necə verilir?

Məhkumların telefon danışıqları onlara təyin edilən cəzanın növünə görə fərqləndirilir. Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısa müddətli görüşlə əvəz edilə bilər.

Məhkumun xahişi ilə onun yeni cəzaçəkmə müəssisəsinə gəlməsi ilə əlaqədar, həmçinin müstəsna hallarda ona cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən əlavə telefon danışığına icazə verilə bilər. Tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına yalnız müstəsna hallarda icazə verilə bilər.

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla telefon danışıqlarına icazə verilmir. Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərər çəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir.

Məhkumlarla görüşlərin sayı və növləri bu Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilir. Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər. Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır.

Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir.  Bu növ görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir. Belə görüşlər Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir. Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir.

Benefisiar.org

Oxunub: 2693