Hansı yerlərdə tütün məmulatlarından istifadə qadağandır?

Tütün (siqaret) məmulatlarından istifadənin ətraf mühitə ziyanlı təsirini azaltmaq məqsədilə qanunvericilikdə həmin məmulatlardan istifadənin qadağan olunduğu bir çox yerlər nəzərdə tutulub.

Həmin qadağan olunmuş yerlər bunlardır:

  • təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
  • tibb müəssisələrindəvə tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
  • idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
  • restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
  • ticarət obyektlərində\ məişət obyektlərində;
  • sosial xidmət müəssisələrində;
  • yerləşdirmə vasitələrində (mehmanxanalar, sanatoriya, istirahət evləri, uşaq sağlamlıq düşərgələri, çoxmənzilli binalarda mənzillər (otaqlar) və s.);
  • teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
  • uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində;
  • müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
  • metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
  • hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
  • hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
  • liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
  • taksafonlarda;
  • yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
  • mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

Bəs qadağan olunmuş yerlərdə tütün məmulatlarından istifadəyə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1 ci maddəsinə əsasən ,  yuxarıda sadalanan qadağan olunmuş yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə müəyyən edilib.

Həmçinin İnzibati Xətalar Məcəlləsində ayrıca olaraq bəzi yerlərdə tütün məmulatlarından istifadə etməyə görə fərqli cərimələr müəyyən edilib:

  • Hava nəqliyyatında tütünçəkməyə görə 100 manat məbləğində;
  • Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütünçəkməyə görə – 40 manat məbləğində;
  • Metropolitendən istifadə zamanı vaqonlarda tütün çəkməyə görə – 50 manat məbləğində;
  • Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütünçəkməyə görə- 40 manat məbləğində;
  • müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütünçəkməyə görə – 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Qanunu bilməyən şəxslər hər hansı məkanda olarkən tütün çəkməklə bağlı qadağanın olub-olmamasından necə xəbərdar ola bilərlər?

Bütün müəssisə, idarə və təşkilat rəhbərləri sadaladığımız qadağan olunan yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

  • Məsuliyyət: Əks halda bu yazının və ya işarənin olmasının təmin edilməməsinə görə İXM ilə nəzərdə tutulmuş qaydada vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir.

Tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla, qadağan edilmiş yerlərdə vəzifəli şəxslər və hüquqi şəxslər tütün çəkilməsinin qarşısını almaq vəzifəsi daşıyırlar.

  • Məsuliyyət: Əks halda qadağan edilmiş yerlərdə tütün çəkilməsinin qarşısının alınmamasına görə, İXM ilə nəzərdə tutulmuş qaydada, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir.

Benefisiar.org

Oxunub: 32