Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əmək müqaviləsinin ləğv edilməsidir.

Belə olan halda, həmin əsasla əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. İşçinin xəbərdar edilməsi üçün müddətlər aşağıdakı kimidir:

  • 1 ilədək əmək stajı olduqda – azı 2 təqvim həftəsi;
  • 1 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 təqvim həftəsi;
  • 5 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 təqvim həftəsi;
  • 10 ildən çox əmək stajı olduqda – azı 9 təqvim həftəsi ərzində.

İş axtarmağa imkan yaradılması üçün xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla işçi azı 1 iş günü əmək funksiyasının icrasından azad edilir.

İşdənçıxarma müavinəti hansı miqdarda ödənilir?

Əmək müqaviləsi müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsinə görə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin müavinət aşağıdakı kimi ödənilir:

  • 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
  • 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
  • 5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
  • 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Göstərilən ödəmələrin kollektiv müqavilələrdə, əmək müqaviləsində daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.

Orta aylıq əmək haqqı necə hesablanır?

 Tutaq ki, 1 işçinin 4 ayının əmək haqqısı aşağıdakı kimidir:

  • Sentyabr – 500 AZN
  • Oktyabr – 600 AZN
  • Noyabr – 700 AZN
  • Dekabr – 450 AZN

Orta aylıq əmək haqqı belə olacaq: (500+600+700+440)/4 = 560 AZN

Əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilərkən işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyir:

  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
  • qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə.

İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçiyə nə qədər müavinət ödənilir?

  • İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir.

Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçiyə nə qədər müavinət ödənilir?

  • Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar xitam verilə bilər.
  • Qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.
  • Əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyir.

Digər təminatlar:

  • İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır.
  • Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Benefisiar.org

Oxunub: 116