Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
İlk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda nəzərdə tutulumuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdur.
28 dekabr 2001-ci ildə Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi.
Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri:
- Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri hüquqi maarifləndirmə, beynəlxalq əməkdaşlıq, elmi analtik iş, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, biznes və insan hüquqları, işgəncə əleyhinə milli preventiv mexanizm, insan hüquqlarının müdafiəsi və əhali qruplarının müdafiəsinə yönəlib. Ombudsmanın fəaliyyətində vətəndaşların hüquqlarının müdafiəsi mühüm rol oynayır.
- Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir.
- Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
- Ombudsmanın fəaliyyətində əsas yerlərdən biri də əhali qruplarının müdafiəsidir. (uşaqların, ahılların, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, şəhid ailələri və müharibə veteranlarının hüquqlarının müdafiəsi, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi, qaçqınlar, məcburi köçkünlər və miqrantların hüquqlarının müdafiəsi)
- Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaq hüquqlarının müdafiəsi və təbliğidir. Müvəkkil uşaq hüquqlarının pozulması ilə bağlı ünvanına daxil olan şikayətlərin araşdırılması və onların hüquqlarının bərpa edilməsi, uşaq hüquqları sahəsində maarifləndirmə və təşviqat, uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmaların aparılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təkliflərin hazırlanması istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV ilə sıx əməkdaşlıq edərək bir sıra mühüm işlər görməkdir. Müvəkkilə əlçatanlığın təmin edilməsi məqsədilə təsisatda yaradılmış 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xəttə daxil olan zənglərlə bağlı dərhal tədbirlər görülməli, zəruri hallarda yerində araşdırmalar aparılmalıdır. Müvəkkil uşaq hüquqları sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə uşaq hüquqları üzrə müşavir təyin edib.
- Müvəkkil fəaliyyəti dövründə ahılların hüquqlarının müdafiəsinə diqqətlə yanaşılması üçün bu sahədə fəaliyyətin koordinasiyası ilə bağlı ahılların hüquqlarının müdafiəsi üzrə müşavir təyin edilib. Müvəkkil ahılların şikayətlərinə həssaslıqla yanaşaraq tədbirlər görə, müvafiq qurumlara təklif və tövsiyələrlə müraciət edə bilər.
- Müvəkkil qadın hüquqlarının təmini vəziyyətini təhlil edərək, yeni qanunvericilik aktlarının, dövlət proqramları layihəsinin, qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır. Müvəkkil öz fəaliyyətində qadınların təhsil, sağlamlıq hüquqlarının müdafiəsi, təmini və təbliği işinə geniş yer verməli, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və belə halların aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməklə yanaşı, qadınlar və kişilər arasında fərqlənən rəhbərlik üslubları, qadın və kişilər üçün daha yaxşı karyera modelləri, tədqiqat və innovasiyalarda gender bərabərsizliyinin aradan qaldırılması, yəni elm müəssisələrində qadınlara kişilərlə eyni imkanlar verilməsi üçün ən yaxşı strategiya barədə müxtəlif geniş auditoriyalar qarşısında çıxışlar edə bilər.
- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Ombudsmanın Aparatında Hərbi qulluqçuların hüquqlarının qorunması sahəsində ixtisaslaşan, hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan xüsusi sektoru yaradılıb.
- Əhalinin müxtəlif qruplarından biri kimi, tutulmuş və həbs olunmuş şəxslərin, məhkumların hüquqlarının müdafiəsinə Müvəkkilin fəaliyyətində geniş yer verilib. Ombudsman tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının effektiv təmini, onlarla rəftar və saxlanılma şəraiti, saxlamanın qanuniliyini təsdiqləyən səndlərin öyrənilməsi sahəsində fəaliyyətini Milli Preventiv Mexanizm (MPM) qismində geniş formada həyata keçirə bilər.
- Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.1-ci bəndinin tələbləri rəhbər tutularaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Müvəkkil tərəfindən müntəzəm olaraq həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər həyata keçirilə bilər. Ombudsmanın fəaliyyətinin təmin edilməsi üçün Bakı şəhərində, habelə respublikanın müxtəlif şəhər və rayonlarında əhali ilə geniş ünsiyyət yaratmaqla görüşlər və qəbullar keçirilə, əhali qrupları ilə canlı ünsiyyət yaradıla, zəruri izahat işi aparıla, hüquqi məsləhətlər verilə, insanları narahat edən problem və çətinliklər müəyyən edilə, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələrlə əməkdaşlıqda müvafiq tədbirlər görülə bilər.
Vətəndaşlar şikayətlərini Müvəkkilə necə bildirə bilərlər?
- Vətəndaşlar öz şikayətlərini Müvəkkilə müxtəlif vasitələrlə verə bilərlər. Belə ki, hər bir şəxs poçt və elektron poçt, rəsmi internet saytındakı onlayn müraciət, aparatda və regional mərkəzlərdə fəaliyyət göstərən qəbul otağı, işgəncələrlə bağlı qaynar xətt, 916 nömrəli qaynar xətti vasitəsilə, habelə müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə, sosial yönümlü müəssisələrə, o cümlədən uşaq, ahıl və əlillər evlərinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə başçəkmələri, habelə məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxışları zamanı şəxsən təqdim etmək imkanına malikdirlər.
- Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda, yəni həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
- Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
- Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilir.
- Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Müvafiq dövlət orqanı və ya vəzifəli şəxs həmin mülahizəni 10 gün müddətində Müvəkkilə təqdim etməlidir.
Şikayətlərə baxılması müddətləri:
- Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər.
- Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.
- Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı Müvəkkilin hüquqları:
- İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı Müvəkkil istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq;
- Saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək;
- Saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq;
- akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq;
- səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququna malikdir.
- Şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, Müvəkkilin qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və ya yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək;
- cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək, əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək, qərar və hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək,
- insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək, insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək,
- Azərbaycan Respublikasının Milli Məclisi qarşısında çıxış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ vardır.
- Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.
- İllik məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar fikir, rəy və tövsiyələr öz əksini tapır.
- Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya onlara yenidən baxılmasına dair, habelə amnistiya elan edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verə bilər.
Benefisiar.org