Probasiya nəzarəti nədir?

Cəzaların İcrası Məcəlləsinə 2017-ci il 01 dekabr tarxində olan dəyişiklik əsasında 15-1-ci maddə əlavə edildi. 15-1-ci maddə “Probasiya nəzarəti” ilə bağlıdır.

Probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.
Probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir:

• cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər

• şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslər

• alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər

Probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Probasiya nəzarətini həyata keçirən icra məmurları bu Məcəllə, “İcra haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilənlərdən əlavə aşağıdakı vəzifələri yerinə yetirirlər:

• məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək

• məhkumun olduğu yer müəyyən edilmədikdə 10 günədək müddətdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirmək

• məhkumun olduğu yer 10 gündən artıq müddətdə müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul etmək, qərarın surətini müvafiq icra hakimiyyəti orqanına göndərmək, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada vəsatət vermək

• probasiya nəzarəti tətbiq edilən məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirmək.

Benefisiar.org

Oxunub: 8036