Məişət zorakılığının qarşısının alınmasında əsas prinsiplər və qabaqlayıcı tədbirlər

Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər və məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 3-cü və 16-cı maddəsində əks olunub.

Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər

Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri aşağıdakılardan ibarətdir:

  • hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının təmin edilməsi;
  • qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi;
  • qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi;
  • şəxsi və ailə həyatı sirrinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməsi;
  • zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası;
  • məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyri-dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı.

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir.

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər aşağıdakılardan ibarətdir:

  • məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması;
  • məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi;
  • məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi;
  • əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi;
  • məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili;
  • məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması;
  • məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi;
  • məişət zorakılığı törətmiş şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi;
  • məişət zorakılığı ilə bağlı sorğuların keçirilməsi.

Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Benefisiar.org