İşsizlikdən sığorta ödənişi nədir və kimlərə təyin olunur?

İşsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

Qanuna əsasən işsizlikdən sığorta ödənişi bu hallarda işdən azad edilmiş şəxslərə ödənilir:

  • Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi;
  • işçilərin sayı və ya ştatların ixtisar edilməsi;
  • müəssisənin mülkiyyətçisi dəyişməsi;
  • əmək müqaviləsinin müddəti qurtardıqda;
  • əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olması;
  • əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə.

Sığorta ödənişi almaq üçün nə edilməlidir?

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.

Sığorta ödənişi hansı müddətə təyin edilir?

İşdən azad olunan işsiz şəxslərə, işsizlikdən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay təyin edilir.

Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

Təkrar sığorta ödənişi nədir?

Əgər 6 aydan sonra şəxs hər hansı səbəbdən iş tapa və münasib işlə təmin oluna bilməyibsə, təkrar sığorta kimi ona 3 ay müddətinə minimum sığorta məbləğində işsizlikdən sığorta təyin olunur.

Sığorta ödənişi necə hesablanır?

Bu ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun  sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır.

Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

Orta aylıq əməkhaqqının məbləği Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində sığortaolunanların sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqları barədə məlumatları əsasında müəyyən edilir.

Müddətli əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində işsiz qalmış şəxslərdə isə fərqli hesablanır. Belə ki, əmək müqaviləsinin müddətinin qurtarmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində ən azı 24 ay sığorta stajına malik olan şəxslərə minimum sığorta ödənişi təyin edilir.

Minimum sığorta ödənişi isə minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. (2024-cü il üçün 345 manatdır)

Əlavə sığorta ödənişi nədir?

Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi məbləğində artırılır.

Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.

Benefisiar.org