Sahibi heyvanlara görə hansı məsuliyyəti daşıyır?

Bütün canlılara hörmətlə yanaşmaq insan üçün mənəvi bir borc hesab olunur. Xüsusilə də ev heyvanlarına münasibətdə. Baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Lakin bəzən bu heyvanlar ətrafa zərər vura bilir.

Baxaq görək “heyvanların vurduğu zərər” qanunvericilikdə necə tənzimlənir?

Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması, onların vurduğu zərərin ödənilməsi və s. kimi məsələləri tənzimləyir. Bu qaydalara görə, iri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və “Təhlükəlidir” sözü yazılmış lövhələr vurmağa borcludurlar.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11 10-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməlidir.

Heç bir ev heyvanı 16 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin aşkar razılığı olmadan satıla bilməz.

Ev heyvanlarının sahibləri, müəssisə və təşkilatın vəzifəli şəxsləri heyvanların saxlanması şərtlərini pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Sahibsiz heyvanlar tərəfindən vurulan zərərin ödənilməsi

Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır.

Şəxs sahibsiz it tərəfindən həyatına təhlükə yaradan hücumə məruz qalarsa (məsələn, dişlənərsə), hansı tədbirlər görülməlidir?

Praktikada belə hallara tez-tez təsadüf edilir. Belə hal baş verdikdə sahibsiz heyvan dərhal həmin ərazidən uzaqlaşdırılır. Heç bir işgəncə verilmədən – döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar yandırılaraq məhv edilir. Sahibsiz heyvan tərəfindən dişlənən şəxs müalicə və digər xərclərlə bağlı öhdəliyi özü daşıyacaq. Yəni bununla bağlı hər hansı bir qurumun məsuliyyəti istisna edilir.

Heyvanın vurduğu zərər üçün məsuliyyət

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilib. Həmin maddənin tələbinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulması dedikdə onların qadağan edilmiş yerlərdə saxlanılması, qidalandırılması, gəzdirilməsi və sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsi və s. nəzərdə tutulur.

Bu qaydaları ilk dəfə pozan şəxslər 200 manat məbləğində cərimə, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdildikdə isə 300 manat məbləğində cərimə edilir. Həmin xətaların törədilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya zərər çəkmiş şəxsə maddi zərər vurularsa bu zaman həmin şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir. Ev heyvanlarının vurduğu zərər şəxsin ölümünə səbəb olarsa və ya əmlakına külli miqdarda ziyan dəyərsə, heyvan sahibinin təqsiri müəyyən olunduqda o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu barədə e-huquq.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü Natiq Əsgərov bildirib ki, yuxarıda qeyd edilən qaydaların pozulması nəticəsində zərər çəkən şəxs müvafiq olaraq həmin qaydaları pozan şəxsin mülki məsuliyyətə cəlb edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün isə müvafiq qaydada hüquq mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 1161