Peşə təhsili alanların hüquq və vəzifələri

Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, onların ixtisaslarının daim artırılmasını, eyni zamanda, zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının Peşə Təhsili haqqında Qanununa görə peşə təhsili dedikdə “əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsi” nəzərdə tutulur.

Peşə təhsili bu təhsilin həyata keçirilməsi üçün nəzərdə tutulan peşə təhsili müəssisələrində tədris edilir. Peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini adıçəkilən Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır. Peşə təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir.

Peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır:

• peşə məktəbi;

• peşə liseyi;

• peşə təhsil mərkəzi.

Peşə təhsili müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
Peşə təhsili üzrə ixtisasın proqramı (kurikulumu) peşə təhsilinin dövlət standartları, ixtisasın peşə standartı və peşə təhsilinin məzmununa dair yuxarıda adı qeyd olunan Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Peşə təhsilinin səviyyələri aşağıdakılardır:

• ilk peşə təhsili;

• texniki peşə təhsili;

• yüksək texniki peşə təhsili.

Peşə təhsili prosesinin əsas iştirakçıları təhsilalanlar və təhsil verənlərdir. Bu iştirakçıların əsas hüquq və vəzifələri də vardır.

Peşə təhsili sahəsində təhsilalanlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər:

• həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

• təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, təhsilalma formasını, yarımilliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək;

• şəxsiyyətin alçaldılmasına yönəlik hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq;

• təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

• tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;

• iaşə xidməti ilə təmin edilmək;

• dövlət vəsaiti hesabına yalnız bir dəfə pulsuz təhsil almaq;

• yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq, həmçinin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirak etmək;

• peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

• təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də müasir biliklərə, tədris və pedaqoji bacarıqlara malik olmaq məqsədilə təhsil sahəsində ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;

• konfranslarda, seminarlarda, yığıncaqlarda, görüşlərdə, proqram və layihələrdə və təhsillə bağlı inkişafyönlü digər tədbirlərdə iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

Peşə təhsili sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır:

• dövlət təhsil standartlarına uyğun praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək;

• ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

• təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndis-pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

• əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək;

• dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;

Peşə təhsili sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:

• normal və təhlükəsiz əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, həmçinin müasir standartlara cavab verən təlim texnologiyaları ilə təmin olunmaq;

• təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, səmərəli təkliflər irəli sürmək;

• şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

• təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

• tədris etdikləri fənlər üzrə bilik və bacarıqlarının artırılması, peşəkarlıq səviyyələrinin davamlı yüksəldilməsi məqsədilə staj keçmək, ixtisas dərəcəsini yüksəltmək və ya yeni ixtisas əldə etmək;

• mükafatlandırılmaq və təltif olunmaq;

• təhsil müəssisəsində vəzifə tutmaq və uyğun gəldikdə, seçkili vəzifələrə öz namizədliyini irəli sürmək, seçmək və seçilmək;

Peşə təhsili sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:

• peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

• ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə təkmilləşmə kurslarından və attestasiyadan (sertifikatlaşdırılmadan) keçmək;

• dövlət tərəfindən qoyulan məzmun standartlarının tələblərinə uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək;

• peşə təhsili müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifə funksiyalarını yerinə yetirmək;

• təhsilalanlara vətənə, ana dilinə, adət-ənənələrə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə qarşı hörmət hissləri aşılamaq, onları azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq, onlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;

• təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

• təhsilalanların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;

• tədris və tərbiyə prosesinin aparılmasına cavabdehlik daşımaq, qiymətləndirməni həyata keçirmək və innovasiyalara meyilli olmaq;

Oxunub: 1181