İtmiş heyvan və əşyaların geri qaytarılması qaydası

Əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə, vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi ixtiyarlı şəxsin onların arxasınca gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər və bununla əlaqədar həmin əşyaları saxlamaq hüququna malikdir.

Mülkiyyətçi özünə məxsus olan torpaq sahəsi, digər daşınmaz əmlaklar üzərində müstəsna və toxunulmaz hüquqlara malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçinin razılığı olmadan onun torpaq sahəsinə və digər daşınmaz əmlakına (binaya, qurğuya) daxil olmaq, orada axtarış aparmaq qadağandır. Lakin itmiş heyvanlar və əşyalar müəyyən səbəblərdən mülkiyyətçinin torpaq sahəsinə düşdükdə mülkiyyətçi həmin heyvanların və əşyaların oradan götürülməsinə əmlak və heyvan sahiblərinə mane olmamalıdır. Qanun əşyaların başqasının torpaq sahəsinə düşməsinin səbəblərini təbii fəlakət və təsadüfi hadisələrlə əlaqələndirmişdir. Və bu səbəblər əmlak sahibinin təqsirli hərəkətləri ilə əlaqədar olmamalıdır. Əks halda, mülkiyyətçi torpaq sahəsinə və digər daşınmaz əmlak obyektinə daxil olmağı başqasına qadağan edə bilər. Məsələn, bağda oğurluq edən şəxsin telefonunun hadisə yerinə düşməsi.

Əşyalardan fərqli olaraq heyvanların başqasının ərazisinə keçməsinin heyvan sahibinin təqsirli və ya təqsirsiz hərəkətlərinin olub-olmamasından asılı olmayaraq hər bir halda torpaq sahəsinin mülkiyyətçisi heyvan sahibinə heyvanını oradan çıxarmasına imkan verməlidir.

Əşyanın başqasının torpaq sahəsinə düşməsi və heyvanın özgə ərazisinə keçməsi nəticəsində torpaq sahəsinin mülkiyyətçisi ona dəymiş zərərin ödənilməsini əmlak və heyvan sahibindən tələb etmək hüququna malikdir. Həmçinin mülkiyyətçiyə o hüquq da verilir ki, ona dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədilə torpaq sahəsinə düşən əmlakın və heyvanı götürüb özündə saxlasın.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

Oxunub: 711