Bağışlama müqaviləsi nədir?

Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

Bağışlama aşağıdakı hallarda etibarlıdır:

• daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

• rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

• daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;

• tələblərin və digər hüquqların bağışlanması zamanı onlar Mülki Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;

• gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:

• hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;

• hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;

• o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir:

• bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda;

• hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda.

Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.

Benefisiar.org

Oxunub: 5247