Əmək və pensiyalarla bağlı cərimələr

Əmək hüquqları əleyhinə edilən inzibati xətalara əmək pensiyaları haqqında qanunvericiliyin və əmək qanunvericiliyinin pozulması aid edilir.

Bu xətaları ayrı-ayrılıqda nəzərdən keçirək:

Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması – əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina barədə qərarın həmin Qanunda nəzərdə tutulan müddətdə müraciət edənə göndərilməməsinə görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə 80 manatdan 100 manatadək məbləğdə cərimə olunur.

Əmək qanunvericiliyinin pozulması – Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.  Bu normada göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə 700 manatdan 1200 manatadək məbləğdə cərimə tətbiq edilir.

İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə olunur.

İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə olunur.

İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə isə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə olunur.

İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10.000 manatdan 13.000 manatadək məbləğdə cərimə edilir.

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Hazırladı: Sevinc Quliyeva

Oxunub: 1482