Məişət zorakılığı nədir?

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

Məişət zorakılığından zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) – bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi fiziki, psixi, iqtisadi, cinsi zorakılıq hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərərçəkmiş şəxsdir.

Məişət zəminində fiziki zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır.

Məişət zəminində psixi zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləridir.

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləridir.

Məişət zəminində cinsi zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.

Bu qanunun şamil edildiyi şəxslər aşağıdakılardır:

• yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara;

• nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada

• qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;

• qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına

Məişət zorakılığından zərərçəkmiş şəxslərə mühafizə orderi verilir. Mühafizə orderi qısamüddətli və uzunmüddətli olaraq mövcud olur.

Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən (zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı ) məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.

Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.

Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir.

Məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.

Mülki Prosessual Məcəllənin (MPM) 355-1.2-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır. Ərizəyə, məişət zorakılığından zərər çəkmiş şəxsin və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır.

İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edildikdən dərhal sonra məhkəmə iclasında elan olunur.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir:

• məişət zorakılığının təkrar törədilməsi;

• zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;

• zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə yuxarıda qeyd edilənlərlə yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:

• məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

• yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

• zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

• uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.

Məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamə dərhal icra edilir.

Hazırladı: Sevinc Qulyeva

Oxunub: 2789