Hansı hallarda şəxs inzibati qaydada həbs edilə bilər?

İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs tutmanı həyata keçirə bilər.

İnzibati qaydada tutma şəxsin azadlığının qısa müddətə məhdudlaşdırır. Şəxsin inzibati qaydada tutulması göstərilən hallarda tətbiq edilə bilər:

– xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, avaralıqla məşğul olduqda, ov, balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qanunsuz qaldıqda;

– sərhədboyu zolaq, sərhəd buraxılış məntəqələrində rejimi pozulduqda;

– mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;

-yol hərəkəti qaydaları pozulduqda;

– fövqəladə vəziyyət rejimi pozulduqda;

– dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələbləri pozulduqda, o cümlədən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədildikdə;

– hərbi vəziyyət rejiminin tələbləri pozulduqda;

– əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə olma qaydaları pozulduqda, yaxud onlar ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda.

İnzibati qaydada tutulan şəxsə İnzibati Xətalar Məcəlləsi (İXM) ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.

İnzibati qaydada tutma müddətləri

İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, İXM-in 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz.

Sərhəd rejimini pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

Fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər.

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında şəxsin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.

Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu İXM-in 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər.

İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.

Fövqəladə və ya hərbi vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.

İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.

İnzibati qaydada tutma haqqında protokol

İnzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilməlidir:

1. protokolun tərtib edildiyi tarix və yer;

2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;

3. tutulanın şəxsiyyəti haqqında məlumat;

4. tutmanın vaxtı və səbəbləri.

Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilməlidir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunmalıdır. Protokolun surəti tutulmuş şəxsə verilməlidir.

Tutulmuş şəxsə hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdatutma müddəti inzibati həbs müddətinə daxil edilir.

İnzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və ya nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılmalıdır. Törədilmiş inzibati xətaya görə şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.

Hazırladı: Qara Məhəmmədoğlu

Oxunub: 2818