İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB hansı işləri görür?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Agentliyin hansı filialları var?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 11 filialı təsdiq edilmişdir: Gəncə, Lənkəran, Şəki, Quba, Şirvan, Şamaxı, Mingəçevir, Göyçay, Ağcabədi, Şəmkir, Cəlilabad.

Vətəndaşlar İcbari tibbi sığorta çərçivəsində hansı xidmətləri əldə edə bilərlər?

  • Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
  • İlkin tibbi-sanitariya yardımı;
  • Ambulator şəraitdə müayinə və müalicə;
  • Stasionar müalicə;
  • Funksional-diaqnostik müayinələr;
  • Fizioterapevtik xidmətlər;
  • Laborator müayinələr;
  • Hamiləlik və doğuş xidməti;
  • Təcili vaksinasiyalar;
  • Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları).

 “TƏBİB” nədir? 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.

TƏBİB-in tabeliyində olan tibb müəssisələri hansılardır?

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Vətəndaşlara tibbi xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir.

TƏBİB hansı orqanın tabeliyindədir? İdarəetmə strukturu necədir və qurum necə maliyyələşir?

TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir.

TƏBİB onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.

TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqği istisna olmaqla) TƏBİB həyata keçirir.

TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsində qeyd olunan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqinə münasibətdə) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.

TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir. TƏBİB Səhiyyə Nazirliyinin yox, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.

Hazırladı: Rəvanə Mehdili

Oxunub: 1049

Əvvəlki məqaləPensiya təyinatı ilə bağlı bu qaydaya dəyişiklik edilir
Növbəti məqaləBu şəxslərə birdəfəlik müavinət veriləcək