Hərbiçilərə hansı hallarda ev verilir?

Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınlmalı, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilməlidir.

Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilməli, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilməlidir.

Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.

Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edilməlidirlər. Müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Silahlı Qüvvələrin sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilməlidirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verməlidir.

Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilməlidir.

İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış polkovnik rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara qanunvericiliydə müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilməlidir.

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər.

Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilməlidir:

-fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında;

-20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında.

Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir.

15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil ola bilərlər.

Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikinti materialları almaqda kömək göstərməlidirlər.

Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.

Gəmidə olan matroslardan və starşinalardan başqa, müddətli xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin nizamnamələrinin tələblərinə uyğun olaraq qışlaqlarda yerləşdirilir.

Müddətli xidmət hərbi qulluqçularının hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir.

Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin qanunla nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.

Həlak olmuş hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi

Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir

Hazırladı: Qara Məhəmmədoğlu

Oxunub: 6932