Elektron imza nədir?

Elektron imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə və ya digər orqanlara) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır. Elektron imza elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza vasitəsi tələb edən elektron xidmətlərdən istifadə etmək üçündür. Elektron imza vasitəsilə tək sənədi deyil, həmçinin şəkil, audio, video fayl, və ya istənilən formatda olan faylları imzalamaq mümkündür. Azərbaycan Respublikası qanunvericiliyə görə elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imzanın reallaşdırılması – mərkəzi icra orqanı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılmışdır.

Elektron imza xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və filiallarında, ölkənin regionlarındakı poçt şöbələrində, həmçinin “Şəbəkə” xidmətinin nəzdində yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Milli Sertifikat Xidmətləri Mərkəzlərində Qeydiyyat Mərkəzləri təşkil olunmuşdur. Mərkəzlər sertifikat almaq üçün olan müraciətlərə baxılması, sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ləğvi ilə bağlı İmza sahiblərinə xidmət göstərir. Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən www.e-imza.az saytı hazırlanmışdır. Belə ki, Elektron imza sertifikatı və daşıyıcını (Smart Kart; USB token) müəyyənləşdirən istifadəçi sənədlərini toplayaraq ona rahat olan aşağıdakı üsullardan birinə müraciət etməklə sifariş edir:

1.www.e-imza.az saytı üzərindən online müraciət etməklə, “Şəbəkə” xidmət mərkəzlərindən;

2.Elektron imza qeydiyyat məntəqələrindən;

3.“Azərpoçt” MMC-nin poçt filiallarından;

4.ASAN xidmət mərkəzlərindən

Elektron imza sertifikatını Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinə, “Şəbəkə” xidmət mərkəzlərinə və poçt məntəqələrinə müraciət etməklə, həmçinin e-imza.az saytından onlayn sifariş etməklə 3 gün ərzində elektron imza kartı və ya elektron imza tokeni şəklində əldə etmək mümkündür.

Dövlət orqanları, hüquqi şəxslər, sahibkar və vətəndaşlar elektron imza sertifikatını Qeydiyyat Mərkəzlərinə getmədən birbaşa internet üzərindən onlayn sifariş etdikdə elektron imza sertifikatını yaşadığınız yerə yaxın olan, ərizənizdə göstərdiyiniz “Azərpoçt” MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən ala bilərsiniz. Bu zaman şəxsiyyət vəsiqənizin təqdim olunması vacibdir. Dövlət qurumları, hüquqi şəxslər və sahibkarların elektron imza sertifikatı almaları üçün nəzərdə tutulmuş onlayn elektron ərizə formaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hüquqi təşkilatın (şirkət, firma, ATSC, müəssisə və s.) rəhbəri və ya rəhbərin əmri ilə həvalə edilmiş səlahiyyətli şəxs tərəfindən doldurulur və daxil edilmiş məlumatların düzgünlüyünə cavabdehlik daşıyır. Elektron imza sertifikatları USB formasında olan (fləş-karta oxşar) Tokenlər vasitəsilə təqdim olunur. Real mühitdə hansısa xidmət üçün istənilən quruma gedərkən bizdən şəxsiyyət vəsiqəmizi tələb edirlər, virtual məkanda isə bizim şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatımızdır.

Asan İmza (Mobil imza) elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün nəzərdə tutulmuşdur. Asan İmza (Mobil imza) bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir. Asan İmza (Mobil imza) əslində elektron mühitdə sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır.

Asan İmza-ya müraciət etmək üçün sizə Asan İmza (Mobil imza) xidmətini mümkün edən SIM-kart lazımdır. Abunəçi olmaq üçün şəxsiyyət vəsiqəniz ilə (şəxsiyyət vəsiqəsi Asan İmza (Mobil imza) xidmətini aktivləşdirmək üçün lazımdır) “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən Azercell, Bakcell, Nar Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edə bilərsiniz. Abunəçi olandan sonra siz mobil telefona daxil edilməli olan yeni Asan İmza (Mobil imza) SIM kartını alacaqsınız. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz. Mobil telefona daxil edilməli olan Asan İmza (Mobil imza) SIM kartını əldə etdikdən sonra istifadəçi portala daxil olmaq istədikdə portalın giriş pəncərəsində rəqəmlərdən ibarət kod generasiya olunur və eyni kod vətəndaşın mobil telefonuna da göndərilir. Vətəndaş telefonunun ekranında açılan xüsusi pəncərədə olan kod ilə portalın giriş pəncərəsində olan rəqəmlərdən ibarət kodun eyni olduğunu müqayisə edib əmin olduqdan sonra, ona məxsus gizli pin kodu mobil telefondakı xüsusi xanaya daxil edib təsdiqləməklə portala daxil olub elektron xidmətdən yararlana bilər.

Asan İmza (Mobil imza) PIN kodları Asan İmza (Mobil imza) SIM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza (Mobil imza) SIM kartının pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN 1 və imza üçün yalnız PIN 2 tələb olunur. Növbəti mərhələdə əldə etdiyiniz SIM kartda elektron imza sertifikatlarınızı aktivləşdirmək üçün isə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlisiniz. Nəzərə alın ki, siz özünüzlə şəxsiyyətinizi təsdiqləyən sənədi gətirməlisiniz (FIN nömrəsini daxil edən). Sonra siz sertifikatın alınması üçün müvafiq ərizəni doldurmalı və imzalamalısınız. Ərizə və digər sənədlərin formaları ilə ASXM-in saytının sənədlər bölməsindən tanış ola bilərsiniz. Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) qeydiyyat ərizənizi təsdiqləyəcək və sizə aid məlumatı sistemə daxil edəcək.

Daha sonra Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) qeydiyyat operatoru sizə Asan İmza-nın (Mobil imza) şərtlərini izah edəcək və Müqavilə formasını çap edəcək. Bu Müqavilə formasını imzalamaqla, siz Asan İmza (Mobil imza) xidmətinin şərtlərini qəbul edir və müraciət etdiyiniz sertifikatları aldığınızı təsdiqləyirsiniz. Bununla sertifikatlar aktivləşdirilir və siz Asan İmza (Mobil imza) xidmətlərindən istifadə etməyə hazırsınız.

Asan İmza (Mobil imza) sertifikatları 3 il ərzində etibarlıdır.

Elektron imzanın Asan imzadan fərqi odur ki, elektron imza kartından hər istifadə zamanı ödəniş tələb olunmur. Elektron imza sertifikatının qiyməti dövlət qurumları üçün 58 AZN, istifadə müddəti 3 il, hüquqi şəxslər üçün 72 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN, istifadə müddəti isə 3 ildir.

Fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları Asan imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə – 18 AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər. Aylıq xidmət üçün 1,00 manat və hər Asan imzadan istifadə zamanı göndərilən SMS üçün isə 0,03 manat xidmət haqqı tutulur. Asan İmza xidmətini dəstəkləyən sim kartın əldə edilməsi isə 3.54 manat təşkil edir.

ASAN imza vasitəsilə şəxsi mobil identifikasiyanız hər zaman sizinlə olur və xarici ölkə də daxil olmaqla, kompyuter və mobil rabitənin qəbul siqnalı olan bütün yerlərdə istifadə oluna bilər. Artıq kompüterə kart oxuyucusunu daxil etməyə də ehtiyac olmur, sizin mobil telefonunuz bunu əvəz edir. İdentifikasiya və rəqəmsal imzalama yüksək səviyyəli texnologiya və müvafiq PIN-kodlar vasitəsilə qorunur. Mobil telefon e-imza smart kartı (e-imza kartı) və kart oxuyucusu kimi eyni zamanda istifadə oluna bilər. ASAN İmza (Mobil imza) ilə siz sanki öz elektron imza smart kartınızı (e-İmza kartı), PIN kalkulyatorunu və kart oxuyucusunu hər zaman özünüzlə daşıyırsınız. ASAN imza xidmətindən istifadə etmək üçün heç bir əlavə tədbirlər və ya konfiqurasiyalar tələb olunmur.

Benefisiar.org

Oxunub: 3330

Əvvəlki məqaləSeçki məntəqələrinə bu qurğular paylanılacaq
Növbəti məqaləNazirlik pensiyaçılara xəbərdarlıq edib