Ombudsmana şikayətlərin verilmə qaydası

Ombudsman Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.

Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.

Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Ombudsmana göndərilməlidir.

Müraciət yazılı və onlayn müraciət formasında həyata keçirilə bilər.

Onlayn müraciəti bu keçiddən edə bilərsiniz- https://www.e-gov.az/az/services/read/3541

İşgəncələr haqqında məlumatı təcili Ombudsmana ötürülməsi üçün +994503709896 nömrəsinə;

Uşaq hüquq pozuntusu ilə bağlı məlumatı təcili Ombudsmana ötürülməsi üçün 012916 qaynar xəttinə müraciət edə bilərsiniz.

İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu aşağıdakı kimi olmalıdır.

İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, qanunla göstərilən hallar istisna olmaqla, baxılmır. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.

Şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.

Ərizəçinin xahişi olduqda Ombudsman onun barəsində məlumatları gizli saxlamalıdır.

Pozuntu ilə bağlı qərarın qəbul edilməsi

Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, Müvəkkil aşağıdakı qərarlarından birini qəbul edə bilər:

1. Şikayət baxılmaq üçün qəbul edilsin;

2. Şikayətə baxılmasından imtina edilsin.

Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 gün müddətində yazılı şəkildə əsaslandırılmış cavab verməlidir.

İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar aşağdakı hallar hesab edilə bilər:

1. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilmə tələbləri pozulduqda;

2. Şikayət Müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;

3. Qanunla göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;

4. Şikayətlə bağlı məhkəmə icraatı getdikdə;

5. Təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.

Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.

İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Ombudsman öz təşəbbüsü ilə araşdırma apara bilər. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiyyətlərinə aid olduqda, onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.

Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.

İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri

Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.

Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:

1. Qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);

2. Cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;

3. Əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;

4. Qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək;

5. İnsan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;

6. İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxmış etmək;

7. Dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;

8. Şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

Hazırladı: Qara Allahmanlı

Oxunub: 1355