Vətəndaşlıq hansı hallarda verilir və xitam edilir?

Vətəndaşlığa bərpa və ya vətəndaşlığa xitam verilmə barədə Azərbaycan ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir

Şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaşlarından doğulmuş şəxs olduqda Azərbaycan Respublikasının vətəndaşığnı əldə edir. Valideynlərindən biri Azərbaycan vətəndaşı olan şəxs Azərbaycan vətəndaşlığnı əldə edə bilər. Azərbaycan ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir. Azərbaycan ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşı hesab edilə bilməz. Azərbaycan ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşığı əldə edə bilər. Azərbaycan ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan vətəndaşı hesab edilir.

Bundan başqa şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdə, beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda vətəndaşlıq əldə edə bilər.

Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə azərbaycan dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.

Əvvəllər Azərbaycan vətəndaşı olmuş və ya vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, qanununda sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.

Vətəndaşlığa bərpa və ya vətəndaşlığa xitam verilmə barədə Azərbaycan ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir.

Azərbaycan vətəndaşlığına qəbul barədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Şəxsin Azərbaycan vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi, əldə etdiyi Azərbaycan vətəndaşlığını itirməsinə səbəb ola bilər.

Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncam verilməlidir.

Vətəndaşlığının itirilməsi halları

“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

1) Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

3-1) Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;

3-2) Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi

4) Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Azərbaycan vətəndaşlığının itirilməsi məsələsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

1 iyul 2014-cü il tarixdən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Şəxs bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Ərizə-anketin nümunəsi Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar.

Həmçinin, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün də əsas hesab edilir.

Qeyd olunanlar 1 iyul 2014-cü il tarixdən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan vətəndaşına şamil olunur.

Benefisiar.org

Oxunub: 3109