VÖEN-i necə aça bilərik?

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyicisi fiziki şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) fiziki şəxsin vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) ilə yaşadığı yer üzrə ( şəxsiyyət vəsiqəsində göstərilən) vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır. Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir. Fiziki şəxs vergi uçotuna alınaraq ona Şəhadətnamə verilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə fiziki şəxsin vergi uçotunu aparan vergi orqanı tərəfindən verilmiş, həmin fiziki şəxsin vergi uçotuna dayanmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-i, ünvanını və şəkli əks etdirən, blankı təkrar çapdan müdafiə etmək üçün xüsusi gizli nişanları olan sənəddir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Fiziki şəxslər elektron qaydada (www.e-taxes.gov.az) İnternet Vergi İdarəsi Portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” (e-Vergi Hesab Fakturası) bölümü üzərindən aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. “ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi orqanı vergi ödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir. Vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

Vergi ödəyicisi haqqında məlumatlar onun uçota alınması anından vergi sirrini təşkil edir.

Benefisiar.org

Oxunub: 7958

Əvvəlki məqaləAzərbaycanlılar xaricdə həbs olunarkən nə etməlidirlər?
Növbəti məqaləGələn il üçün pensiyanın məbləği açıqlandı