İcbari tibbi sığorta haqqları necə toplanılacaq?

Yeni ilin ilk günündən etibarən Azərbaycanda icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılıb.

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli qərarına əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinə 2020-ci il ərzində aşağıdakı ardıcıllıq nəzərə alınmaqla başlanılır:

1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

2. Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

3. Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

4. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında.

“Tibbi sığorta haqqında” Qanuna müvafiq olaraq aprelin 1-dən etibarən işçi və işəgötürənlərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.

Bununla yanaşı, 2020-ci ilin yanvarın 1-i tarixindən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılması nəzərdə tutulmuşdur.

Qanuna əsasən, icbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), Azərbaycanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

İcbari tibbi sığorta haqları aşağıdakı kimi müəyyən olunub:

1. Dövlət və neft sektorunda çalışanların hər biri:

• Aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında;

2. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışanların hər biri:

• Aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında;

3. Mülki-hüquqi xarakterli müqavilələr (xidmət, tapşırıq, podrat və s.) əsasında xidmətləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında;

4. Vergi uçotuna alınmış fiziki şəxslər – fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri 10 manat miqdarında;

5. İşsiz kimi qeydə alınan şəxslərin sığorta haqları isə dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.

Benefisiar.org

Oxunub: 789

Əvvəlki məqaləMSK sədri deputatlığa namizədliyini verənlərə müraciət edib
Növbəti məqaləUşaqlarla bağlı qurum yaradılır