MSK-nın “diri” dediyi adam ölüb?

Vətəndaşın “öldü” dediyi adamla bağlı MSK “sağdır” açıqlaması verib
 
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilən parlament seçkiləri günü 107 saylı Qazax seçki dairəsindən yayılan video-görüntüyə aydınlıq gətirib.
 
Həmin videoda Xanlar Elbrus oğlu Lalayev adlı seçici məntəqəyə səsverməyə gəlib. Bu zaman seçici siyahısında qardaşının ölən həyat yoldaşının adını görüb, təəccüblənib. Seçici ölən adamın adının siyahıda olmasına etiraz edir. Bu zaman seçki komissiyasının üzvlərindən biri Xanlar Lalayevə “o, sizin üçün ölüb, bizim üçün ölməyib”, – deyir.
 
Fevralın 20-də MSK üzvü Bəxşeyiş Əsgərov video-görüntünü araşdırdıqları ilə bağlı açıqlama verib. Deyib ki, MSK araşdırıb və məlum olub ki, etiraz edən seçici ilə məntəqə seçki komissiyasının üzvləri qonşu binalarda yaşayır:
 
“Həmin sözü deyən seçici Rusiyaya gedib. Onun xanımı isə iki uşağını da götürərək evi tərk edib və Bakıya gəlib. Bu fakt həm həmin şəxslərin izahatları, həm də rəsmi dövlət orqanının (Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanı) arayışı ilə təsdiq olunub. Biz bir neçə mənbədən təsdiqləmişik ki, haqqında danışılan xanım dünyasını dəyişməyib. Burada seçici olan kişi “ölüb” – deyir. Məntəqə üzvü də haqlı olaraq deyir ki, o, sənin üçün ölüb. Yəni, “sən onun əlindən acıqlısan və o, sənin üçün ölüb”.
 
Bəxşeyiş Əsgərov əlavə edib ki, bu məsələ MSK-da gülüşlə qarşılanıb. MSK sədri Məzahir Pənahov bunu seçkinin ən yaddaqalan hadisəsi kimi dəyərləndirib.
 
Videoda etiraz edən Qazax rayonunun Nəriman Nərimanov qəsəbəsinin sakini Xanlar Lalayev Meydan TV-yə “ölüb” – dediyi şəxsin Gülnar Namaz qızı Lalayeva olduğunu söyləyib. Onun adının MSK-nın seçici siyahısından çıxarılmadığını deyib.
 
Gülnar Namaz qızı Lalayevanın adı olan siyahı
Mənbə: Meydan TV
 
Xanlar Lalayev MSK-nın açıqlamasını da yalanlayıb. O, seçki günü dediklərinin həqiqət olduğunu söyləyib. Qardaşının 3 il öncə boşandığı keçmiş həyat yoldaşı Gülnar Lalayevanın 1 ildən çoxdur vəfat etdiyini deyib:
 
“Gülnar 3 il əvvəl qardaşımla boşanıb. Boşanmadan təxminən bir il sonra o vəfat edib. Seçki günü mən seçici siyahısında öz ad soyadıma baxırdım. Mənim adımın altında qardaşım Kamal Lalayevin adının olduğunu gördüm. Halbuki qardaşım 20 ildən artıqdır ki, Bakının Binəqədi rayonunda yaşayır. Orada qeydiyyatdadır” – deyən, Xanlar Lalayev əlavə edir ki, qardaşının adının altında onun keçmiş, vəfat etmiş həyat yoldaşı Gülnar Lalayevanın adı yazılıbmış:
 
“Məntəqədə sədrə və digərlərinə dedim ki, bu adam ölüb. Onun adını siyahıdan çıxarın. Hətta hər dəfə onun adına bizim ünvana seçkiyə dəvət də göndərilir. Sizə neçə dəfə adamın öldüyünü deməliyəm? – söylədim. Bu zaman yan tərəfdəki qadın mənə “o, sənin üçün ölüb, bizim üçün ölməyib”, – dedi. Bu sözdən sonra mən özümdən çıxdım və eyni sözləri qışqıra-qışqıra təkrarlamağa başladım. Videoda da var, baxa bilərsiniz”.
 
Xanlar Lalayev deyir ki, bunun başqa adı yoxdur. Gülnar Lalayeva ölüb və onu basdırıblar. Ancaq o, bunu məntəqə üzvlərinə izah edə bilməyib:
 
“Mən yaşayan adama ölüb deyərəmmi? Həqiqəti dedim. Əslində onlar da bunu çox yaxşı bilirlər. Görünür, onlara adın seçici siyahısında saxlanması sərf edir”.
 
Xanlar Lalayev əlavə edir ki, həmin gün məntəqəyə girməyi ilə çıxmağı bir olub. Bu hadisədən sonra hirslənib və məntəqəni tərk edib:
 
“Etirazımı da kimsə videoya çəkib. Heç xəbərim də olmayıb. Həmin video internetdə yayılıb. Onu da səhərisi gün bir dostum zəng edib dedi”.
 
Xanlar Lalayev deyir ki, sonuncu dəfə əhalinin siyahıya alınması zamanı onlara da gəliblər. Bu zaman o, həmin evdə qeydiyyatda olan insanların adlarını verib:
 
“Mən, həyat yoldaşım və 4 övladım bu evdə qeydiyyatdayıq. Başqa heç kim yoxdur. Atam, anam rəhmətə gedib. Qardaşım Bakı qeydiyyatındadır, Gülnar isə ölüb. Onları siyahıdan çıxarın, dedim. Buna baxmayaraq, onların adı Qazaxın seçici siyahısında qalır”.
 
Xanlar Lalayev əlavə edir ki, özü qəsdən həmin gün seçici siyahısına diqqətlə baxıb. Çünki siyahıya alınmada xəbərdarlıq etsə də, evlərinə gələn seçki bildirişində qardaşı və onun keçmiş həyat yoldaşının adı olub. Ona görə diqqətlə baxıb ki, görsün, həmin adlar seçici siyahısından çıxarılıb, ya yox:
 
“Bəlkə də bildiriş gəlməsəydi, baxmayacaqdım. Bildirişə görə diqqət etdim və gördüyümü gördüm. Vətəndaş mövqeyimi göstərdim və etiraz etdim. Cavabımı aldım. Sən demə, bu adam MSK üçün ölməyib”.
 
Gülnar Namaz qızı Lalayeva Qazaxın Daş Salahlı kəndinin sakini olub. Daş Salahlı kəndindən olan, adının açıqlanmasını istəməyən sakin Meydan TV-yə Gülnar Lalayevanın həqiqətən də 1 ildən artıq müddətdir öldüyünü təsdiqləyib.
 
Vəfat edib, ancaq MSK-nın seçici siyahısında “yaşayan” daha bir nəfər isə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 52, mənzil 27-də qeydiyyatda qalan Cavid İntiqam oğlu Fərhadovdur. 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 25 saylı məntəqəsinin seçicisi kimi qeydiyyatda saxlanan Cavid Fərhadov 5 il öncə, 2015-ci il dekabrın 25-də vəfat edib.
 
Cavid İntiqam oğlu Fərhadovun adı olan siyahı
Mənbə: Foto: Meydan TV
 
Bacısı Aytən Ələkbərova Meydan TV-yə deyib ki, hələ bir müddət əvvələ qədər 2 il öncə vəfat edən anasının da adı siyahıda saxlanıbmış. Sonra çıxarıblar, ancaq qardaşı bu gün də qalır: “Bir də, ailəm 2 il öncə həmin ünvandakı evini satıb, köçüb. Həmin ünvandan qeydiyyatdan çıxıb, yeni ünvanda qeydiyyata düşüblər. Hətta kiçik qardaşım özünə yeni ünvanın qeyd edildiyi şəxsiyyət vəsiqəsi də alıb. Ancaq onun və digər ailə üzvlərimin adı hələ də köhnə ünvanın seçici siyahısındadır”.
 
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
 
Prezident İlham Əliyev açıqlamasında seçkinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini söyləyib.
 
Ancaq seçkini müşahidə edən beynəlxalq təşkilatlar onun kimi düşünmürlər. Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.
 
Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.
 
2019-cu il dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.
 
Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.
 
Azərbaycanda parlament seçkiləri əslində 2020-ci ilin noyabrında keçirilməli idi.
 
Meydan TV
 
Əvvəlki məqaləMSK bu məntəqələrdə də nəticələri ləğv edilib
Növbəti məqaləNeftçalada tutulan məmurlar barəsində həbs qətimkan tədbiri seçildi