Vahid tarif müştərilərə və taksi şirkətlərinə sərf edəcəkmi?

Bakı Nəqliyyat Agentliyinin (BNA) hazırladığı yeni konsepsiyaya əsasən paytaxtda taksi fəaliyyətini tənzimləyən vahid tarif sisteminin yaradılması təklif olunur. Bəs, görəsən, belə bir sistemin tətbiqi mütəxəssislər və taksi şirkətləri tərəfindən necə qarşılanır?

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev “Report”a verdiyi açıqlamada bildirib ki, nəqliyyat sahəsində azad bazar mühitinin olması yaxşı nəticələr doğurmur:

“Azərbaycanda taksi bazarı, demək olar ki, tənzimlənmir. Fərqlənmə nişanı tələbi olsa da, bir çox taksi sürücüləri buna riayət etmir. Taksi bazarında azad rəqabət mühiti var. Tələb çox olduğu üçün qiymətlər kifayət qədər aşağıdır və daha da aşağı enir. Taksinin çox ucuz olması şəhərin nəqliyyat sistemində böyük problemlərin olmasının əlamətidir. Bakıda taksilər, demək olar ki, ictimai nəqliyyatla rəqabət apara bilir. Qiymətlər çox aşağı olduğu üçün taksi sürücüləri günün böyük hissəsini işdə keçirməli olurlar. Nəticədə keyfiyyət də aşağı olur. Eyni zamanda onlar avtomobillərinə lazımi qulluq edə bilmirlər.

Bəziləri azad rəqabətin, açıq bazar iqtisadiyyatının olmasını müsbət hal hesab edir. Lakin ümumilikdə şəhər nəqliyyatı sahəsində azad bazar mühiti yaxşı nəticələrə gətirmir. Burda mütləq dövlət nəzarəti olmalıdır”.

Ekspert hesab edir ki, vahid qiymət tarifinin tətbiqi taksi fəaliyyəti ilə bağlı problemləri həll etməyəcək:

“Taksilərlə bağlı yaranan problemlərin müəyyən hissəsi ictimai nəqliyyatın payına düşür. Şəhərin bəzi hissələrinin ictimai nəqliyyat əlçatanlığının olmaması, ictimai nəqliyyat xidmətlərin aşağı səviyyəli olması taksi xidmətlərinə böyük tələbat yaradır. Nəticədə qiymətlər getdikcə aşağı düşür. Bazara “Uber”, “Bolt” kimi şirkətlər daxil olub ki, onlar da bazarı ələ almaq üçün qiymətləri aşağı salmaqda maraqlıdır. Düşünürəm ki, vahid qiymət tarifinin tətbiqi problemləri həll etməyəcək. Çünki ümumilikdə şəhər nəqliyyatı sistemində problemlər var. Bu problemlərin həlli üçün dövlət tərəfindən müdaxilə edilməli və işlək mexanizm tətbiq olunmalıdır. Bizdə klassik taksilərlə əvvəlcədən sifarişlə işləyən taksilərə münasibət eynidir. Xaricdə isə belə deyil. Klassik taksiyə böyük tələbin olması ilə paralel onların müəyyən imtiyazları da olur. Məsələn, onlar şəhərdəki taksi dayanacağında dayana, hərəkət zamanı xüsusi avtobus zolaqlarından istifadə edə bilirlər. Əvvəlcədən sifarişlə işləyən taksilərdə isə belə imtiyazlar olmur”.

“189 TAXI”nin direktoru Samir Kərimov vahid tarif sisteminin tətbiqi məsələsinə müsbət reaksiya verib:

“Vahid tarif sisteminin tətbiqi ilə bağlı dəqiq məlumat olmadığından bu barədə konkret bir fikrimiz yoxdur. Amma vahid tarifin əleyhinə deyilik. Ən azından taksi gedişlərində avtomobilin amortizasiya, yanacaq və digər xərcləri nəzərə alınmaqla minimal hədd qoyulmasının lehinəyik. Qiymətlərin hansı minimal həddə olması ilə bağlı ciddi hesablamalar aparmaq lazımdır. Minimal bir hədd olmalıdır ki, yuxarı həddi şirkətlər və müştərilər tələb-təklifə əsasən tənzimləsinlər.

Əvvəl sürücü şərti müəyyən məbləği qazanmaq üçün 8 saat işləməli idisə, indi 10-12 saat işləməlidir. Bu isə keyfiyyətinin aşağı düşməsinə, sürücü kobudluğuna, stress və xəstəliklərin sayının artmasına gətirib çıxarır. Üstəlik, sürücü sosial təminat nöqteyi nəzərindən ən az müdafiə olunan təbəqələrdən biridir. Çünki o, az maaş alır və onun məzuniyyəti, xəstəlik vərəqəsi və ya siğortası olmur. Sürücü özü işləməsə, onun yerinə heç kəs pul qazanmır. Rəqabətin olması çox gözəldir. Taksi bazarı nadir sektorlardan biridir ki, burda hər şey təmiz bazar iqtisadiyyatı ilə tənzimlənir. Amma hazırda bu tənzimlənmə sürücünün ziyanına gedir. Ona görədə cüzi tənzimlənmə lazımdır.

Taksi fəaliyyəti haqqında keçirilən iclaslara taksi şirkətlərini də cəlb eləsələr, çox məmnun olarıq”.
“Ekonom taksi” (*9111) şirkətinin rəhbərliyindən bildirilib ki, taksi fəaliyyəti ilə bağlı vahid tarif sisteminin tətbiqi doğru yanaşma deyil:
“BNA taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sistem yaratmaq istəyir. Belə bir sistemin yaradılmasını dəstəkləyirik. Taksi şirkətləri müəyyən qaydalara riayət etməlidir. Vahid tarifin tətbiqini isə düzgün hesab etmirəm. Çünki taksi ictimai nəqliyyat növü deyil və fərdi xidmət göstərir. İctimai nəqliyyatda vahid qiymət tətbiq edilə bilər. Amma burda müxtəlif avtomobillərdən istifadə edilir. Aşağı keyfiyyətli xidmət göstərən avtomobillə yüksək keyfiyyətli xidmət göstərənin qiyməti eyni ola bilməz. Bizdə qiymət nisbətən yüksəkdir. Çünki biz xidmətə hər maşını qəbul etmirik. Avtomobillər arasında seçim edir və sürücülərə təlimlər veririk. Avtomobillərin tələblərə cavab verməsinə xüsusi diqqət yetiririk. Məsələn, “Saypa”, “Nexia”, “Lada” avtomobillərini və köhnə ili olan avtomobilləri xidmətə qəbul etmirik. Qəbul etdiyimiz avtomat mühərrikli avtomobillərin istehsal tarixi üç ildən çox olmur. Həm maşınlarımız standartlara cavab verir, həm də xidmət səviyyəsinə uyğun olaraq bizim öz qiymətimiz var. Fikrimcə, qiyməti bazar nizamlanmalı və müştərinin müstəqil seçimi olmalıdır. Lakin maşınlar təhlükəsizlik qaydalarına cavab verməlidir. Xidmət keyfiyyətinin aşağı olması ilə razılaşan müştəri ucuz qiymətə olan xidməti seçəcək. Keyfiyyətli xidmət istəyən müştəri hansı şirkəti seçdiyinə özü qərar verəcək. Maşınların modeli və keyfiyyətinə görə xüsusi yanaşma tətbiq edilməlidir. Eyni zamanda şirkətlərə hansı avtomobillərin qoşula bilməsi ilə bağlı konkret standartlar tətbiq edilməlidir.
Ucuz qiymətə xidmət göstərən şirkətlərə bizim götürmədiyimiz avtomobillər qoşulurlar. Yaxşı vəziyyətdə olan maşının sürücüsü gedib o şirkətə yazılmamalı, onun maşınına uyğun xidmət göstərən şirkətə yazılmalıdır. Heç kim sürücünü məcbur etmir və o müstəqil seçim edir. Elə sürücü var 3-4 şirkətlə işləyir.
Maşınların modeli və keyfiyyətinə görə xüsusi yanaşma tətbiq edilməlidir. Eyni zamanda şirkətlərə hansı avtomobillərin qoşula bilməsi ilə bağlı konkret standartlar tətbiq edilməlidir. Bütün şirkətlərə vahid standartlar tətbiq edilsə, ondan sonra vahid qiymət də tətbiq etmək olar. Lakin bu da bazar iqtisadiyyatı normaları ilə düz gəlmir. Maşınların keyfiyyəti baxımından bütün şirkətlərə müəyyən standartlar tətbiq edilməli, xidmətin üstünlüyü baxımından isə azad rəqabət olmalı və qiymətlər də o azad rəqabətə görə tənzimlənməlidir”.
Əvvəlki məqaləTaksilərlə bağlı bu dəyişikliklər olacaq
Növbəti məqaləƏli Əsədov Artur Rasizadənin imzaladığı qərarları ləğv etdi