Vəzifədən sui-istifadə nədir? – HÜQUQİ ŞƏRH

hüquqşünas
Şamil Paşayev

Günün mövzusu Ağstafa rayonunun dünənə qədər vəzifədə olmuş icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılmasıdır.

DTX hadisə ilə bağlı yaydığı rəsmi məlumatında bu şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə şübhəli şəxs qismində saxlanıldığını qeyd edib.

Cinayət Məcəlləsinin 33-cü fəsli korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlıdır. Bu cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs vəzifə səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına, qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusion hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilə bilər. Ona görə də bu cinayətlərin subyektləri vəzifəli şəxslər olurlar.

Vəzifəli şəxs kimdir?

Hakimiyyət nümayəndələri, dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bundan başqa dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, həmin qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər vəzifəli şəxslər sayılır. Eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, hərbi qulluqçular, yəni zabit, gizir və ya miçmanlar da vəzifəli şəxslər kateqoriyasına aiddir.

Cinayət Məcəlləsi ilə yanaşı, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyada, həmçinin BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyasında “vəzifəli şəxs” anlayışı verilib. Hər iki konvensiya ölkəmizdə imzalanaraq ratifikasiya edilib.

Qısacası, icrası məcburi olan əmr, göstəriş vermək hüququna malik şəxslər “vəzifəli şəxslər” hesab edilir.

Vəzifə cinayətlərinin ən geniş yayılanı “vəzifə səlahiyyətlərində sui-istifadə etmə” və “vəzifə səlahiyyətin aşma”dır.

Vəzifədən sui-istifadə nədir?

Bu, şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında özünü ifadə edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, dövlət, yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətinə xələl gətirir. Belə hal baş verəndə fiziki və ya hüquqi şəxslərin hüquqları, qanuni mənafeləri, eyni zamanda cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri pozulur.

Bəs hansı hərəkətlər vəzifədən sui-istifadə etmək hesab olunur?

Vəzifəli şəxsin öz səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə etməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması, əməllə nəticə arasında səbəbli əlaqənin olması vəzifə səlahiyyətlərindən sui-istifadənin göstəricisidir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə şəxs öz səlahiyyətləri daxilində olan vəzifələri həyata keçirərkən baş verir. Lakin cinayət tərkibi belə hərəkətlər qəsdən qulluq mənafeyinə zidd olaraq həyata keçirildikdə yaranır. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər.

Lakin bu hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir.

Vəzifə səlahiyyətlərini aşma nədir?

Qulluq mənafeyinə qarşı törədilən cinayət hadisələrini araşdırarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini aşmanı fərqləndirmək lazımdı.

Vəzifəli şəxsin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda, bu, vəzifə səlahiyyətlərini aşma cinayəti hesab edilir.

Yəni, vəzifəli şəxs heç kimin heç bir halda etmək hüququ olmayan, həmçinin başqa vəzifəli şəxsin səlahiyyətlərinə aid olan hərəkətlər etdikdə, eyni zamanda kollegial orqanların həll etməli olduğu məsələlərə təkbaşına qərar verdikdə vəzifə səlahiyyətlərini aşır. Hər iki cinayətdə şəxs vəzifədən sui-istifadə etdiyini və ya səlahiyyətini aşdığını dərk edir, bunun nəticələrini qabaqcadan görür, bu hərəkətləri törətməyi arzu edir və ya bunlara şüurlu surətdə yol verir.

APA

Oxunub: 2802

Əvvəlki məqaləKeçmiş icra başçısının barəsində həbs qətimkan tədbiri seçildi
Növbəti məqaləKonstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını niyə ləğv edib?