Parlamentdən gecikmiş qərar, yaxud əlvida polietilen torbalar

Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

“Report” xəbər verir ki, Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclisdə bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi layihəsi üçüncü oxunuşda qəbul edilib. Həmin bu layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Belə ki, qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunub.

Sahibkarlar 4 min manatadək cərimələnəcək

Həmçinin ötən gün deputatlar İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilməsi layihəsini də qəbul ediblər. Bu dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.

Qanunun qəbul edilməsi bir çox insanlar tərəfindən müsbət qarşılanıb. Onlardan bir çoxları artıq polietilen kulyoklardan canlarını qurtaracaqlarını və bundan sonra Bakının “kulyoklar şəhəri” deyil, küləklər şəhəri olaraq qalacağına inanırlar. Hətta Sovetlər dövründə olduğu kimi, mağaza və dükanlara öz setkası və zənbili ilə gedəcəklərinə sevinənlər də tapılıb.

Bir çoxları isə qanunda hələ də müəyyən boşluqların olduğunu söyləyir və bildirirlər ki, qanunun qəbul edilməsi şirkətlər üçün izafi xərclər yaradacaq. Bu, sonda məhsulların istehsal qiymətinin artımına gətirib çıxaracaq ki, bu da ölkədə müəyyən qiymət artımına səbəb olacaq. Məhz bunları müəyyən etmək üçün “Report” bu mövzuda mütəxəssislərlə söhbətləşib.

Şüşə qablaşdırma ilə əvəz oluna bilər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti, qida eksperti Elsəvər Fərzəliyev deyir ki, bu qanunun qəbul edilməsi çox vacib amildir.

Onun sözlərinə görə, bütün dünyada, kainatda baş verən proseslər insanlıq amilinə xidmət göstərməlidir: “Deyərdim ki, bu, hətta gecikmiş qərardır. Biz yoluxmuş və tərkibində insan orqanizminə gec təsir göstərən komponentlərlə sirayətlənmiş məhsulla qidalanıb sağlamlığı itirəcəyiksə, cəmiyyətə malik olduğumuz potensialı göstərə bilməyəcəyiksə, artıq bu tənəzzüldür”.

Mütəxəssis bildirib ki, aparılan laborator təcrübələr göstərir ki, polietilen torba 200 il ərzində çürümür: “Baxmayaraq ki, ağacın cürüməsi 6 ildir, kağız torbanın çürüməsi üçün isə bir neçə ay lazımdır. Polietilen torbalar və plastik qabların çürüməsi üçün 200 il lazımdır. İnsanın sağlamlığı dəyərsizdir, qiymətsizdir. Hər məhsulun qablaşdırılmasına və qablaşdırılmanın dəyişdirilməsində əmələ gələn izafi vəsaitin ödənilməsinə sərf olunan pul hər fərdin, hər bir istehlakçının sərf etdiyi vəsait sağlamlıqdan çox deyil. Polietilen və sintetik materiallardan məhsula ion şəklində keçən ingridientlər və komponentlər sonradan insan orqanizmində hər hansı bir orqanın tədricən sıradan çıxmasına xidmət göstərirsə, bu halların baş verməməsi üçün bir az artıq xərc çəkməyə dəyər”.

Ekspert deyir ki, emal olunub nisbətən böyük həcmə malik olan qablar, şüşə və yaxud plastikdən əlavə emal qatı çəkilmiş tənəkədən istifadə edilməsi genişlənəcək: “Bəzi məhsulların qablaşdırılması üçün araşdırmalar aparılmalıdır və ən optimal tara növləri yaradılmalıdır. Burada da təbii mənbələrdən istifadə edilməlidir. Polietileni əvəz edə biləcək alternativ membran tərkibli materiallar hazırlamaq olar. Ağac qabıqlarından, biotexnoloji metodların tətbiqi ilə, həmçinin mebel istehsalında əldə olunan tullantılardan təbii yapışdırıcılardan istifadə etməklə alternativ vasitələr əldə etmək olar. Təbii ki, bunun üçün də araşdırmalar aparılmalıdır və elmi-tədqiqat institutları bunun üzərində işləməlidir”.

E. Fərzəliyev düşünür ki, plastik qabların şüşə ilə əvəz olunmasına üstünlük vermək lazımdır: “Çünki şüşə dəfələrlə istifadəyə yararlıdır. Şüşə materialdan hazırlanan bütün taralara doldurulan məhsulla qarşılıqlı kontakt baş vermir. Məhsulun tərkib keyfiyyətində dəyişkənlik yaranmır. İkincisi, şüşənin rəngini dəyişməklə ona kənardan göstərilən ultra-bənövşəyi və infraqırmızı şüaların təsirindən daxilindəki məhsulun dəyişkənliyinə müəyyən qədər azaldılmasına nail olmaq olur. Üçüncüsü də, şüşəyə xidmət, onun ikinci dəfə istifadəsinə şərait yaratmaq asandır. Yəni yüksək keyfiyyətli qida məhsulun istehsal edilməsi üçün istifadə edilən bütün komponentlər və inqridiyentlər, həmçinin yardımçı vasitələrin hamısı ilkin məhsul kimi qabardılmalıdır. Yəni ikinci dəfə istifadə edilməsinə baxmayaraq, o elə steril vəziyyətə gətirilməlidir ki, qida məhsulunun təkibinə mənfi təsir göstərməsin”.

Mütəxəssis deyir ki, şüşə qablaşdırmadan istifadə şüşə qablara və taralara tələbatı artıracaq: “Bu da bir növ ölkədə şüşə qəbulu məntəqələrinin yenidən fəaliyyətə başlaması, şüşə istehsalı müəssisələrin inşa edilməsinə də səbəb olacaq. Bu gün Ali Baş Komandanımız və əsgərlərimizin gücü sayəsində torpaqlarımız azad olub. Həmin işğaldan azad olunan torpaqlarda bu müəssisələrin tikintisini həyata keçirmək mümkündür. Yaxud emal sənayesinin inkişaf olunması üçün orada emal müəssisələri inşa edilməlidir”.

Müəssisələrin bir qismi bazardan çıxacaq

İqtisadçı-ekspert Rəşad Həsənov isə düşünür ki, bundan sonra polietilen və plastik qabların istifadə məhdudlaşdırılacaqsa, bunların hansısa əvəzi tapılmalıdır.

Onun sözlərinə görə, hər şey çox sadədir: “Böyük ehtimalla şüşə qablardan istifadəyə üstünlük veriləcək. Belə olduğu təqdirdə şüşə qablar bu gün faktiki olaraq maya dəyəri baxımından plastik qablarla müqayisədə daha baha başa gəlir. Nəticədə istehsal olunan məhsulların maya dəyəri artacaq və dolayısı ilə bütün bu qiymət artımları son nəticədə istehlak qiymətlərində də özünün büruzə verəcək”.

Ekspert deyir ki, hər bir istehsalat tələbə uyğun xidmət göstərir: “Qəbul edilmiş qərar, qanunvericilik bazası faktiki olaraq bundan sonrakı dövrdə ölkədə plastik məhsulların istifadəsinə tələbi əhəmiyyətli səviyyədə azaldacaq. Dolayısı ilə də bu sferada fəaliyyət göstərən müəssisələr artıq istehsal təyinatını dəyişməlidirlər”.

R. Həsənov düşünür ki, bu şirkətlər digər tələb istiqamətlərinə uyğunlaşmalıdırlar: “Məsələn, onlar müəyyən qədər texnoloji avadanlıqlarda dəyişiklik etməklə bunu edə bilərlər. Şirkətlər bu sahədə bazarı bilirlər və müəyyən qədər təcrübələri var. Bunu şüşə qabların və yaxud saxsı qabların istehsalına da çevirə bilərlər”.

Amma bununla belə onun qənaətincə, istənilən halda tələbat azalacaq: “Tələbat azaldığına görə də istehsalat azalacaq. Bu səbəbdən də müəssisələrin əhəmiyyətli bir qismi də böyük ehtimalla bazardan çıxacaq”.

Müştərilərə “Eco friendly” paketlər veriləcək

“OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəzilət Səmədova “Report”a açıqlamasında bildirib ki, marketlər şəbəkəsi yanvarın 1-dən qüvvəyə minəcək qanuna artıq hazırdır. Onun sözlərinə görə, qanuna görə, 15 mikrona qədər olan polietilen torbaların istifadəsinə qadağa qoyulub: “Bizim marketlərdə satılan polietilen torbabalar 15 mikrondan çox olduğu üçün, heç bir problem yoxdur. Lakin biz “OBA” olaraq düşünürük ki, polietilenin istifadəsi ümumiyyətlə təbiətə ziyandır”.

O qeyd edib ki, şirkət digər marketlər kimi, bu polietilen torbaların istehsalına 100 minlərlə manat xərc çəkir: “Belə polietilen torbalar yenidən emal olunmadığı üçün təbiətə də böyük ziyan vurur. “OBA” marketlər şəbəkəsi hazırda “Eco friendly” torbalarını istifadəyə verməyi planlaşdırır. Müştərilərimiz həmin paketləri istifadə edərək həm təbiətə tullantıları azaldacaq, həm də daha davamlı paketlərlə alış-verişlərini edə biləcəklər. Bu paketlərin yanvar ayından satışa çıxarılması planlaşdırılır. Bu paketlərin Azərbaycan cəmiyyətində formalaşdırılması üçün qiyməti də aşağı qoyulacaq. Bəzən bu alış-veriş paketləri müxtəlif kampaniyalar çərçivəsində ödənişsiz olaraq müştərilərə təklif edilməsini düşünürük”.

Əvvəlki məqaləƏmək müqaviləsi hansı hallarda müddətli bağlanılır?
Növbəti məqaləTəhsil haqqında dövlət sənədləri bu qaydada veriləcək