Seksual qısnama nədir?

Seksual qısnama edənlər qanunla məsuliyyət daşıyır

Qanunla seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış hesab edilir. Seksual qısnama qanunvericiliklə qadağan edilir. Əmək fəaliyyətində işəgötürən seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.

Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. İnzibati Xətalar Məcəlləsində seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə nzərdə tutulub.

İşçi seksual qısnamaya məruz qaldıqda işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Seksual qısnamaya məruz qalmış işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir.

Bundan başqa Əmək Məcəlləsinə əsasən işə götürənlərlə işçilər arasında kollektiv müqavilələr bağlanarkən iş yerində və ya işlə əlaqədar olaraq seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi haqqında tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir.

Seksual qısnamaya məruz qalmış işçi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasına əsasən ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilməlidir.

Benefisiar.org

Oxunub: 4205

Əvvəlki məqaləNövbədənkənar seçkilərlə bağlı prezidentə müraciət edildi
Növbəti məqaləNazirlər Kabinetində struktur dəyişikliyi olub