Rayonlara gedəcək sərnişinlərdən COVİD-19 pasportu tələb olunacaq?

Mayın 31-i günü Bakıdan və cənub avtostansiyasından 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir.

Modern.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

N.Allahyarovanın sözlərinə görə, həmin gün ümumilikdə regionlararası 450 min sərnişinin daşınması proqnozlaşdırılır

“Bu göstərici pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75 faizini təşkil edilir. Yay ərzində bu nəticənin artacağı istisna olunmur”.

DANX rəsmisi deyib ki, artıq Bakı və 56 region avtovağzallarında hazırlıq işlərinə start verilib.

“Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları, sərnişin gözləmə zalları dezinfeksiya olunur. Sərnişinlərdən COVID pasportu və ya digər sənəd tələb olunmayacaq. Sərnişinlərin avtobusun yanında hərarətləri ölçüləcək. Qızdırması və ya koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Avtobuslarda sərnişinlər hər zamankı kimi oturacaq, ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra bu qərar qüvvədə olmayacaq və kondisionerlər qoşulacaq”.

N.Allahyarova bildirib ki, mayın 31-dən 566 marşurut xətti üzrə 1864 avtobus hərəkətdə olacaq.

“Mayın 30-dan artıq biletlərin satışına başlanılacaq. İyunun ortasından onlayn biletlərin alınmasına şərait yaradılacaq. Pandemiya şəraitində vətəndaşlardan kassalar qarşısında sıxlığına yaranmaması üçün onlayn bilet almalarını tövsiyə edirik”.