Hüquqşünas Sübhan Həsənli: “Hakimlər müstəqil düşüncələrini qərarlarında əks etdirə bilmirlər”

Arqument.Az-ın “Bizim ekspert” rubrikasının 11-ci buraxılışında Azərbaycan məhkəmələrinin durumu və hakimlərin müstəqil olub-olmamasının səbəbləri barədə danışmışıq.
 
Ekspertimiz gənc hüquqşünas Sübhan Həsənlidir. 
 
– Sübhan bəy, Azərbaycanda məhkəmələrin və hakimlərin müstəqil olması üçün yetərli təminat varmı?
 
– Azərbaycanda məhkəmələrin və hakimlərin müstəqilliyi baxımından Konstitusiyada müəyyən edilmiş bir sıra müddəalar var. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci fəslində əksini tapıb. 125-ci, 126-cı və 127-ci maddələr hakimlərin müstəqilliyini, toxunulmazlıqlarını, onların bir sıra haqlarını müəyyən edir. Bundan əlavə məhkəmələr və hakimlər haqqında qanun və hakimlərin fəaliyyətini yoxlayan Məhkəmə Hüquq Şurası mövcuddur. Ancaq bu yetərli təminat sayıla bilməz. Çünki yetərli təminatlı olmaq üçün qanunların özünün dilinin açıqlığı və məhkəmələrin statusunun düzgün müəyyənləşdirilməsinə ehtiyac var. Misal üçün, Azərbaycanda ən böyük tənqid edilən mövzulardan biri hakimlərin təyinatında və onların vəzifədə irəli çəkilməsində, onların işlərinin yoxlanılmasında əsas rol oynayan Məhkəmə Hüquq Şurasının Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmamasıdır. Bununla bağlı müxtəlif beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda bu öz əksini tapıb ki, Məhkəmə Hüquq Şurası mütləq şəkildə Konstitusiyada öz əksini tapmalıdır. Çünki Konstitusiyada öz əksini tapmayan Məhkəmə Hüquq Şurası istənilən bir hökümətin dəyişdirilməsinə açıq bir hala gəlir. Misal üçün, X bir partiya istədiyi vaxt bu qanunu dəyişdirə və əlavələr edə bilər. Ancaq Konstitusiyada olması onun dəyişdirilməsini və əlavələr edilməsini çətinləşdirir. Çünki onun üçün referendum lazımdır və hökumət xalqa hesabat verməlidir ki, bunu nəyə görə dəyişdirir. Bu da kifayət qədər çətin bir prosedurdur. O baxımdan buna ehtiyac var və hakimlərin bir sıra məsələlərdə müstəqilliyinin təminatına ehtiyac hiss olunur. 
 
– Azərbaycan ictimaiyyətində belə bir fikir var ki, məhkəmələr müstəqil deyil…
 
– Məhkəmələrin müstəqilliyini müəyyən edən bir sıra araşdırmalar var. Fikrimcə, bir məqama baxıb “məhkəmələr müstəqildir və ya deyildir” demək düzgün yanaşma deyil. “Məkhəmələr müstəqil deyil”, – deyilirsə, bunun səbəbləri araşdırılmalıdır. Azərbaycanda hakimlərin təyinatında Azərbaycan Respublikasının Prezidenti, Milli Məclis və qismən də Məhkəmə Hüquq Şurası rol oynayır. Məhkəmə Hüquq Şurası isə məşvərətçi orqandır, yəni icra fəaliyyəti yoxdur. Azərbaycanda hakimiyyətin üç qolu var və məhkəmə hakimiyyəti qanunverici və icraedici hakimiyyətdən sərt şəkildə ayrılmalı, biri-birlərinin işlərinə qarışmamalıdırlar. Ancaq bu halda qanunverici və icraedici hakimiyyətin hakimlər üzərindəki təsiri azalacaq. Gəlin hakimlərin təyinatında icraedici və qanunverici hakimiyyətin oynadığı rola baxaq. Birinci instansiya məhkəməsinin hakimlərini prezident təyin edir, apelyasiya və Ali Məhkəmənin hakimlərini isə prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Bu, Avropa İttifaqının tövsiyə qərarında da öz əksini tapıb ki, hakimlər özləri öz təyinatlarında rol oynamalıdırlar. Məhkəmə Hüquq Şurası daha müstəqil olmalıdır və oradakı hakimlərin söz haqqı olmalıdır, öz təyinatlarında özləri iştirak etməlidirlər. Hakim olmayanlar hakimlər barədə qərar verməyi, onlar misal, Tovuzdan Qazaxa təyinatında rol oynamamalıdır. Zənnimcə, bu yalnışdır. Hakim və məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün bütün siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının, cəmiyyətin üzərinə məsuliyyət düşür. Məhkəmələrin müstəqilliyi üçün müəyyən təkliflər verilməli, dialoqlar aparılmalıdır. Çünki müstəqil məhkəmə qurmaq uzun bir prosesdir və bu yolu getmək üçün dialoqlar, təkliflər verilməlidir və bu təkliflər çərçivəsində dəyərləndirilməlidir. İndiki durumda “məhkəmələr müstəqildir” demək, zənnimcə, doğru olmaz.
 
– Məhkəmələrin və hakimlərin müstəqilliyinə mane olan nədir: sistem, yoxsa siyasi hakimiyyət?
 
– Fikrimcə, məhkəmələrin və hakimlərin müstəqilliyinə həm siyasi hakimiyyət, həm sistem, həm mövcud adət-ənənə, cəmiyyət və bir çox məsələlər mane olur. Orta statistik dörd nəfərlik bir azərbaycanlı ailəsində qərarlar necə verilirsə, məhkəmələrdə də qərarlar o tipdə, yəni bir insanın iradəsilə verilir. Təbii ki, bu, Azərbaycanda bütün ailələrə şamil olunmadığı kimi, bütün məhkəmələrdə də şamil olunmur. Amma məhkəmələr üçün bunu demək mümkündür. Ona görə də bir çox məsələlər araşdırılmalı, baxılmalıdır. Hakimlərin işlərinin çoxluğu, məhkəmələrdə gender bərabərliyinə riayət olunmaması kimi hallar da var. Məsələn, Azərbaycanda qadın məhkəmə sədri hələ ki yoxdur. Ümumilikdə belə hallar bu mənzərəni yaradır. Azərbaycanda xüsusilə siyasi partiyaların məhkəmələrlə bağlı istər öncəki seçki dövründə, istər indiki seçki dövründə normal bir mövqeyi, düşüncələri yoxdur. Yalnız REAL təşkilatının müəyyən proqramları var, amma o proqramlarda da Məhkəmə Hüquq Şurası ilə bağlı bir şey deyilmir, yəni çox ümumiləşdirici qavramlarla danışılır. Amma məhkəmələrə yanaşma kompleksi olmalıdır, yəni “məhkəmələr siyasi qərarlar verir” deyib kənara çəkilmək həll yolu deyil. Niyə siyasi qərarlar verirlər? Əgər məhkəmələr və hakimlər, Məhkəmə Hüquq Şurası haqqında qanunda əsaslı dəyişiklər edilsə, yenəmi belə hallar yaşana bilər? 1992-93-cü ildə başqa bir siyasi hakimiyyət hökm sürürdü. Həmin dövrün məhkəmə qərarlarına baxsaq, hətta indiyə belə təsir edə biləcək kifayət qədər faktlar mövcuddur, mükiyətlə bağlı hakimlərin çox ağlasığmaz qərarları var, necə ki indiki dövürdə də. Yəni hakimlərin düşüncəsini, məhkəməni dəyişdirmək o qədər də asan məsələ deyil. Türkiyədə aparılan araşdırmalar göstərir ki, hakimlərin 65-70 faizi özlərini dövlətin qoruyucusu hesab edir, yəni dövləti qorumağı özlərinin vəzifəsi kimi düşünürlər. Halbuki Türkiyənin 100 ilə yaxın bir demokratiyası var. Amma Türkiyədə müxtəlif zaman kəsimində hakimlərin verdiyi qərarlara baxırıq, Avropa İnsan Haqları Məhkəməsindən çox şəkildə pozuntularla qayıdan qərarlar olubdur. Bu səbəbdən, siyasi hakimiyyətin kimliyindən asılı olmayaraq məhkəmələrə yanaşma kompleksi olmalıdır, yəni siyasət necə davam edirsə, məhkəmələrə baxış onlardan kənar olmalıdır. Məhkəmələr bütün siyasi partiyalar üçün vacibdir və bütün siyasi partiyaların borcudur ki, məhkəmələr müstəqil olsun.
 
– Bəs hakimlərin müstəqilliyi məhkəmələrin azad və ədalətli qərar verməsinə hansı formada təsir göstərəcək…
 
– Əlbəttə ki, hakimlərin müstəqilliyi birinci hakimlərin özlərini rahat hiss etməsinə şərait yaradır. Məhkəmə Hüquq Şurasının ifadə etdiyi bəzi qeyri-müəyyən sözlər var. Məsələn, “hakim adına ləkə gətirən hərəkətlər”. Nədir bu hərəkətlər? Hakim adına nə ləkə gətirir? Qeyri-müəyyən ifadədir. Qanunda bunun kimi qeyri-müəyyənliklər var ki, hakimləri təzyiq altına salır. Hakimlər artıq öz müstəqil düşüncələrini qərarlarına yansıda bilmirlər. Problemin ən böyüyü, ən başlıcası qanunvericilikdə öz əksini tapıb. Çünki qanunvericilikdən qaynaqlanmasaydı, bu problemlər yaşanmayacaqdı. Bildiyiniz kimi, məhkəmələr və hakimlər haqqında qanun bir neçə dəfə dəyişikliyə uğrayıb və hakimlərin bəzi müstəqillikləri, haqları alınıb. Ona görə də qanunlarda, Konstitusiyada əsaslı dəyişikliklər və uzunmüddətli strategiya ilə bu problemi aradan qaldırmaq mümkündür… (Arqument.Az)