Nazirin 4 müavini işdən çıxarıldı, 3 yeni müavin təyin olundu

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

“Report” xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.

Prezidentin digər sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin – İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov təyin olunublar.

Nadir Zeynalov, İlqar Qasımov və Rasim İsmayılov

    Nadir Zeynalov                             İlqar Qasımov                             Rasim İsmayılov

Səhiyyə nazirinin yeni müavinləri kimdir?
Qeyd edək ki, Qasımov İlqar Əbülfəz oğlu 12.04.1965-ci il tarixdə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib, həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə-işi fakultəsinə daxil olub, 1988-ci ildə oranı bitirib. 1989-cu il tarixdən 1990-cı il tarixə kimi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediya” ixtisası üzrə internatura keçib. İnternaturanı bitirdikdən sonra 1999-cu il tarixdən həmin institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.

1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci il tarixədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olub və tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.

17.08.2017-ci il tarixdən Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Eyni zamanda, 2019-cu il tarixdən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Zeynalov Nadir Azər oğlu 24.10.1976-cı il tarixdə Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Bakı şəhəri 20 nömrəli məktəbdə alıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonrakı əmək fəaliyyəti ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə bağlı olub: 1999-2001-ci illərdə klinik ordinator, 2001-2004-cü illərdə aspirant, 2005-2013-cü illərdə assistent, 2013-cü ildən hazıradək həmin kafedranın dosenti vəzifəsində çalışır.

2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2021-ci ildə cərrahlıq üzrə dosent elmi adını alıb. 2015-ci ildən başlayaraq inzibati vəzifələrdə çalışıb. Belə ki, 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Rus, ingilis və türk dillərini sərbəst bilir.

Ailəlidir, 3 övladı var.

İsmayılov Rasim Miskin oğlu 21 may 1973-cü ildə Bakı şəhərində anadan olub.

1980-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı məktəbin 1-ci sinifinə getmiş və 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirərək Səbail rayonu 2 saylı H.Mahmudbəyov adına texniki – humanitar liseyin 9-cu sinifinə qəbul olunub. 1990-cı ildə həmin liseyi bitirərək N.A. Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.

İnstitutu bitirdikdən sonra 2001-ci ilin sentyabr ayınadək Respublika Gigiyena və Epidemiologiya mərkəzində 1-ci dərəcəli mühasib-təftişçi, ali dərəcəli mühasib-təftişçi və aparıcı iqtisadçı vəzifələrində çalışıb.

2001-ci ilin sentyabr ayında Muğan Kommersiya bankında valyuta əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb. 2002-ci ilin dekabr ayında həmin bankın müştərilərə xidmət departamentinin rəis müavini, 2003-cü ilin noyabr ayında əməliyyat idarəsinin rəisi və 2005-ci ilin dekabr ayında bankın İdarə heyətinin sədr müavini təyin olunub və 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləyib.

2017-ci ilin aprel ayından avqust ayınadək “Baker Tilly Azərbaycan” audit şirkətində qiymətləndirmə üzrə məsləhət xidmətləri təqdim edib.

2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək Polşada fəaliyyət göstərən, xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib.

2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Əvvəlki məqaləAzərbaycanda avtomobili kreditə almaq asanlaşa bilər?
Növbəti məqaləNazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirdi