Evtanaziya nədir və onu etmək hansı məsuliyyəti yaradır?

BDU-nun tələbəsi
Nərmin Bəşirova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi

Günümüzdə dünya mediasında aktual məsələlərindən biri də evtanaziyadır. “Euthanatos” yunan sözü olub, “xeyirxah ölüm” deməkdir. Evtanaziya sözü ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib və o, bu sözü “yüngül ölüm” mənasında işlədib. XIX yüzillikdə isə bu söz “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başladı.

Evtanaziyanın hüquqi aspektləri

Bir çox ölkələrdə evtanaziya dövlət tərəfindən qanuniləşdirilsə də, evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutan ölkələr də az deyil. Evtanaziyanı qanuni hesab edən ölkələr hesab edir ki, hər kəsin yaşamaq hüququ olduğu kimi ölmək hüququ da var. Ona görə də hesab edilir ki, evtanaziya cinayət sayılmamalıdır, əksinə əzab və iztirab çəkən sağalmaz xəstələri həyatdan məhrum etdiyinə görə xeyirxah və faydalı bir əməldir. Belçika, Hollandiya, Avstraliya, Niderland, İsveç və başqa Avropa ölkələrində evtanaziya qanunidir. Azərbaycanda isə evtanaziya hüquqi, sosial və dini baxımdan qəbul edilməz bir prosesdir.

Evtanaziyaya görə cinayət məsuliyyəti

Qüvəddə olan Cinayət Məcəlləsinin 135-ci maddəsi evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu maddəyə əsasən, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərərkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəstənin ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmə (aktiv evtanaziya) dedikdə, ona öldürücü zəhərin verilməsi, zəhərli iynə vurulması, ölümə səbəb olan xəsarətlər yetirməsi və s. başa düşülməlidir.

Xəstənin həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma (passiv evtanaziya) dedikdə, ağ ciyərlərin süni ventilyasiyasının ( “süni nəfəs aparatının”), hemodinamik göstəricilərin (arterial təzyiq, nəbz və s.) süni surətdə dəstəklənməsini, həyat fəaliyyətin saxlamaq üçün müəyyən yardımçı vasitələrin (“süni böyrək aparatı”, “detoksikasiya” və s) işlədilməsini dayandırma və s. başa düşülür.

Evtanaziya Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəsilinə daxil edilib və yüngülləşdirici hallarda adam öldürmənin bir növüdür. Şərh olunan cinayətdən zərərçəkmiş şəxs qismində sağalmaz və ağır xəstəliyə düçar olmuş hər hansı bir şəxs çıxış edir. Belə xəstə şəxs azyaşlı, yetkinlik yaşına çatmamış şəxs olduqda, onun valideynlərinin və ya qanuni nümayəndələrinin xahişi ilə xəstəni öldürmə Cinayət Məcəlləsinın 135-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Əməlin Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə tövsif olunması üçün cinayətdən zərərçəkmiş şəxs ağır və sağalmaz xəstəliyə düçar olmuş şəxs olmalıdır. Xəstəliyin sağalmaz olduğu həkim tərəfindən təsdiq olunmalıdır. Əgər zərərçəkmiş şəxs ağır fiziki iztirablarla müşayiət olunsa da, sağalan xəstəlikdən əziyyət çəkən şəxs olarsa əməl evtanaziya kimi qiymətləndirilə bilməz, belə halda təqsirkarın əməli 120-ci maddə (qəsdən adam öldürmə) ilə tövsif olunacaqdır.

Evtanaziyada xəstənin xahişi könüllü olmalıdır. Xəstənin xahişi yazılı və ya könüllü formada ifadə oluna bilər. Əgər belə xahiş yoxdursa, əməl qəsdən adam öldürmə cinayəti (Cinayət Məcəlləsinin 120-ci maddəsi) kimi tövsif olunmalıdır.

Evtanaziya əməlinə görə təqsirli şəxslər 16 yaşına çatmış, hər hansı anlaqlı fiziki şəxslər ola bilər. Belə şəxslər qismində zərərçəkmiş şəxsin yaxın qohumları, habelə tibb işçiləri çıxış edirlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

Oxunub: 3924

Əvvəlki məqaləSentyabrın 1-dən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı rəsmi açıqlama
Növbəti məqaləAçıq məkanlara giriş üçün COVİD pasportu tələb olunacaq? DİN-dən AÇIQLAMA