Dərmanların reklamı ilə bağlı nələrə icazə verilmir?

Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

Həkim resepti olmadan buraxılan dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir.

Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:

  1. yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;
  2. reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;
  3. reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək;
  4. sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;
  5. həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq;
  6. reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;
  7. reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək.

Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır.

İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika, insan orqan və (və ya) toxumalarının transplantasiyası barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.

Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova – Hüquqşünas

 

 

Oxunub: 158